Gələn ilin yanvar ayına qədər ABŞ-da COVID-19 koronavirusu əleyhinə yüz milyonlarla vaksin dozası hazırlamaq olar.
NUHÇIXAN İnformasiya Agentliyi NBC telekanalına istinadla xəbər verir ki, bu barədə ABŞ-ın aparıcı infeksiya mütəxəssisi Entoni Fauçi deyib.
“Biz tez tərpənmək, lakin eyni zamanda vaksinin təhlükəsizlik və effektivliyindən əmin olmaq istəyirik. Düşünürəm ki, hər şey yolunda getsə, bu mümkün olar”, - deyə Entoni Fauçi jurnalistin yanvar ayınadək koronavirusa qarşı yüz milyonlarla vaksin hazırlamağın mümkünlüyü barədə sualına cavabında bildirib.
Vaksinin gələn ilin əvvəlinə hazır olması onun klinik sınaqlarından asılıdır. Hazırda “Johnson & Johnson”, “Moderna” kimi kompaniyalar və Oksford Universiteti vaksin üzərində çalışır.
“The New York Times” qəzetinin məlumatına əsasən, Oksford Universiteti vaksinin hazırlanmasında daha böyük nailiyyət əldə edib. Universitet mütəxəssislərinin artıq sentyabr ayına qədər bir neçə milyon vaksin dozası hazırlayacağı gözlənilir.
Bir qədər əvvəl Bloomberg agentliyi ABŞ Prezidenti Donald Tramp administrasiyasının “Səsdən sürətli əməliyyat” adlı layihəni reallaşdırmağa çalışdığı barədə məlumat yayıb. Layihə COVID-19 əleyhinə vaksinin hazırlanması müddətini səkkiz ay azaltmaq üçün özəl əczaçılıq kompaniyalarını, dövlət müəssisələrini və hərbçiləri bir araya gətirmək və 2021-ci ilin yanvarına qədər 300 milyon vaksin dozası əldə etmək məqsədi daşıyır.
“Səsdən sürətli əməliyyat” layihəsi əvvəlcə heyvanlar, sonra isə insanlar üzərində klinik sınaqlar üçün dünyadakı perspektivli eksperimental vaksinləri daha tez testdən keçirmək məqsədilə dövlət resurslarından istifadə edəcək.