Tokio Universitetinin tədqiqatçılar qrupu koronavirusa yoluxanları müalicə məqsədilə dərmanın kliniki sınaqlarına başlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, sınaqlar zamanı əsasən, qanın laxtalanmasına səbəb olan kəskin pankreatit və digər xəstəliklərin müalicəsində tətbiq olunan nafamostat mezilatdan istifadə edilir. Bu dərman “Futhan” markası ilə satılır.
Bildirilir ki, koronavirusa yoluxanların bir qismində qanın laxtalanması onların vəziyyətinin ağırlaşmasına səbəb olub.
Hazırda kliniki sınaqların Tokio Universiteti xəstəxanasında və digər beş səhiyyə müəssisəsində koronovirus sətəlcəminə yoluxmuş 160 xəstə üzərində aparıldığı bildirilir.
Qeyd edilir ki, həmin xəstələr şərti olaraq iki qrupa bölünüb. Bu qruplardan birində olanlar qrip əleyhinə “Avigan” dərmanı ilə yanaşı, “Futhan” da qəbul edirlər. Digər qrupda olanlara isə yalnız ”Avigan” verilir.
Tədqiqatçılar “Futhan” dərmanının koronovirus yoluxması zamanı səmərəli və təhlükəsiz olduğunu dəqiqləşdirməyə çalışırlar. İlkin nəticələrə görə, onun koronovirusa qarşı səmərəli olduğu bildirilir.