Ermənistanda son 24 saat ərzində 180 nəfər koronavirusa yoluxub. Bununla da bu ölkədə COVID-19 virusuna yoluxanların sayı 3718 nəfərə çatıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi məlumat yayıb.
Bildirilir ki, son sutka ərzində daha bir nəfər ölüb. Ölənlərin sayı 48 nəfərə çatıb.
Ermənistanın baş naziri N.Paşinyan son vəziyyətlə bağlı “Facebook” səhifəsində narahatlığını bildirib. O deyib ki, Ermənistanda vətəndaşlar tərəfindən təcrid qaydalarına əməl olunmaması səbəbindən koronavirusa yoluxma halları get-gedə çoxalır və vəziyyət daha da pisləşə bilər.
Onun sözlərinə görə, hökumət iqtisadi məhdudiyyətləri tədricən yumşaltmağa başladıqlarından sonra Yerevan küçələrində insan sayı artıb, insanlar sosial məsafə qaydasına əməl etmirlər. Bu da ciddi problemlər yaradır.
“Belə davam etsə vəziyyət kəskin pisləşəcək, onda biz istər-istəməz yenidən məhdudiyyətlərə qayıtmalı olacağıq”, - deyə Paşinyan vurğulayıb.