Amerikan şirkəti "Virgin Orbit" sınaqlar zamanı "LauncherOne" raket-daşıyıcısını orbitə çıxara bilməyib.
NUHÇIXAN İnformasiya Agentliyi TASS-a istinadən verdiyi məlumata görə, bu barədə şirkət xəbər yayıb.
"Raketin təyyarədən ayrılmağı təsdiqləndi. Lakin uçuşun ilk dəqiqələrindən sınaq dayandırıldı. Təyyarə və ekipaja hazırda təhlükə yoxdur, onlar bazaya qayıdır", - məlumatda deyilir.
Hadisənin təfərruatları barədə məlumat verilmir. Bununla belə, "Virgin Orbit" şirkəti raketin təyyarədən ayrildığından üç dəqiqə sonra problemlər haqqında xəbər verib.
Xatırladaq ki, 21 metr uzunluğu olan "LauncherOne" raket-daşıyıcısı orbitə kiçik peyklərin çatdırılması üçün nəzərdə tutulub.
Sınaq planına əsasən raketin ABŞ-ın Mohave səhrasındakı (Kaliforniya ştatı) kosmoportundan uçan "Boeing-747" təyyarəsindən havada ayrılması nəzərdə tutulurdu. Raket təyyarədən Sakit okean suları üzərində ayrıldıqdan sonra avtomatik olaraq mühərriklərini işə salacaq.