ABŞ-ın “Boeing” şirkəti yanvar ayında dayandırdığı “737 MAX” tipli sərnişin təyyarəsinin istehsalına yenidən başlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə şirkət məlumat yayıb. Bildirilir ki, “Boeing” son aylarda “737 MAX”ın istehsalına yenidən başlamaq istiqamətində əhəmiyyətli irəliləyiş əldə edib. Şirkət bu müddət ərzində Federal Aviasiya Administrasiyası və digər qlobal tənzimləyicilərlə birgə əməkdaşlığı davam etdirib.
“Boeing” hələ də son iki faciəli qəzanın ağır yükünü daşıyır. Bu qəzalardan təsir görənlərin ehtiyaclarını ödəmək üçün 100 milyon dollarlıq yardım fondu yaradılıb”, - deyə şirkətin məlumatında bildirilir.
Xatırladaq ki, iki təyyarə qəzasında ümumilikdə 346 sərnişin ölməsindən sonra “Boeing” “737 MAX”ın tədarükünü dayandırmış və 2019-cu ilin martında istehsal edilmiş “737 MAX” təyyarəsinin uçuşunu qadağan etmişdi.
Qeyd edək ki, koronavirus epidemiyası ilə bağlı sifarişlər ləğv edildiyi üçün “Boeing”in ölkənin müxtəlif bölgələrindəki anqarları təyyarələrlə dolmuşdu.
“Boeing”in idarə heyətinin sədri Deve Calhounun təxminən 7000 işçinin ixtisar edildiyini açıqlamasından sonra şirkətin istehsala yenidən başlamaqla bağlı qərar verməsi birmənalı qarşılanmayıb.