Dünya Meteorologiya Təşkilatı yay mövsümünün olduqca isti keçəcəyinə dair xəbərdarlıq edib

A- A A+

Dünya Meteorologiya Təşkilatı bu il yay mövsümünün planetimizin şimal yarımkürəsində rekord səviyyədə isti keçə biləcəyinə dair xəbərdarlıq edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təşkilatın nümayəndəsi Kler Nullis koronavirus pandemiyası ilə bərabər bu fenomeni də diqqətdə saxlamağı tövsiyə edib. Onun sözlərinə görə, 2020-ci ilin ilk aylarının isti keçməsi bu ilin meteoroloji ölçmələr tarixində rekorda imza atacağını ehtimal etməyə əsas verir. Pandemiya dövründə nə qədər mürəkkəb olsa da, şəhər və bələdiyyələr indidən insanları istidən və günvurmadan qorumaq üçün müvafiq tədbirlər görməlidirlər.

K.Nullis, həmçinin qeyd edib ki, yay mövsümünün olduqca isti keçdiyi illərdə adətən insanlara kondisioner sistemlərinin yaxşı çalışdığı ticarət mərkəzlərində daha çox vaxt keçirmək, istidən əziyyət çəkən qonşu və tənha yaşıyan insanları tez-tez yoxlamaq tövsiyə olunurdu. Bu il isə pandemiya ilə əlaqədar olaraq sosial məsafə və evdə qalma tövsiyələri ön planda dayanır ki, bu da istilərlə bağlı fərqli yanaşma tələb edəcək.

Beynəlxalq təşkilat qarşıdakı mümkün istiləri nəzərə alaraq gündəlik həyatda edilməsi vacib olan işlərdən ibarət siyahı hazırlayıb, eyni zamanda, pandemiyaya paralel şəkildə istilərə qarşı mübarizə üçün ideyalar paketi üzərində iş aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: