İnfeksiyanın gələcəkdə mümkün mutasiyası ehtimalına görə koronavirus əleyhinə potensial peyvənd COVID-19 xəstəliyinə qarşı daimi immunitet yaratmaya bilər.
NUHÇIXAN İnformasiya Agentliyi Amerika KİV-lərinə istinadla xəbər verir ki, bu ehtimalı ABŞ-ın Milli Allergiya və İnfeksiya Xəstəlikləri İnstitutunun direktoru Entoni Fauçi səsləmdirib.
“Əgər COVID infeksiyası özünü digər koronaviruslar kimi aparsa, çox güman ki, immunitet uzun müddət davam etməyəcək”, - deyə Entoni Fauçi bildirib. Onun sözlərinə görə, koronavirusa qarşı vaksin adətən 3-6 ay ərzində və demək olar ki, bir ildən az müddətdə effektiv olur.
Alimlərin bir hissəsi isə bu məsələyə optimist yanaşır. Onlar hesab edirlər ki, virusun mutasiyası əhəmiyyətli dərəcədə deyil və hazırlanan vaksinlər həm koronavirusun hazırda mövcud olan, həm də gələcəkdə uğrayacağı mutasiyalara qarşı səmərəli olacaq.
“Bu virus, məsələn, qrip infeksiyası qədər mutasiyaya uğramır. Ümid edək ki, SARS-CoV-2 vaksini azı bir neçə mövsüm ərzində effektivliyini saxlayacaq”, - deyə Kanzas Universitetinin professoru, virusoloq Brendon Dekoski bildirib.
Qeyd edək ki, koronavirusa qarşı Çində hazırlanan peyvənd bu ilin sonlarında bazara çıxa bilər.