Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus infeksiyasına qarşı qorunmaq üçün tibbi maskalardan istifadə edilməsi ilə bağlı mövqeyini dəyişib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Cenevrədə keçirilən brifinqdə beynəlxalq təşkilatın rəhbəri Tedros Qebreyesus infeksiyanın qarşısının alınmasında maskalardan istifadə edilməsinə tərəfdar olduqlarını bildirib. İnsanların sıx olduğu məkanlarda maskalardan istifadə edilməsini tövsiyə edən T.Qebreyesus, eyni zamanda, insanları ehtiyatlı olmağa da çağırıb. O, maskaların insanlarda yalnış təhlükəsizlik hissi oyada biləcəyi barədə xəbərdarlıq edib və yoluxma riskini artırmamaq üçün maskalarla rəftar edərkən əllərin təmiz olmasını diqqətdə saxlamağın vacibliyini vurğulayıb.
Qeyd edilməlidir ki, indiyədək ÜST maskalardan istifadəni virusa yoluxan və onların qayğısına qalan şəxslər üçün tövsiyə edir və kütləvi istifadəni məqsədəuyğun hesab etmirdi.
T.Qebreyesus, həmçinin qeyd edib ki, maskalar COVİD-19-dan qorunmaq üçün yeganə vasitə kimi qəbul edilməməlidirlər. Buna görə də dövlət qurumları infeksiyanın sürətlə yayıldığı ölkələrdə sosial məsafəyə riayət olunmasının çətin olduğu yerlərdə (ictimai nəqliyyat, ticarət obyektləri, əhalinin sıx olduğu ictimai məkan və binalar) insanları maskadan istifadəyə təşviq etməlidir.