Almaniya iqtisadiyyatında koronavirus pandemiyasının mənfi təsiri ən çox avtomobil sənayesində hiss olunur. Bu ilin aprel ayında ümumi iqtisadi istehsal sahələrinin göstəriciləri 2019-cu ilin aprel ayı ilə müqayisədə dörddəbir qədər azaldığı halda, avtomobil istehsalında azalma 3/4 olub. Buna səbəb kimi əksər avtomobil konsernlərinin öz konveyerlərini bir neçə həftə ərzində dayandırması göstərilir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, belə acınacaqlı nəticə barədə AFR Statistika İdarəsinin hesabatında məlumat verilib. Bu, İkinci Dünya müharibəsindən bəri Almaniya iqtisadiyyatında müşahidə olunan ən aşağı istehsal göstəricisidir. Tikinti sektorunun daha az mənfi təsirə məruz qaldığı və bu sahədə azalmanın 4,1 faiz həddində olduğu bildirilir.