Koronavirus pandemiyası ilə əlaqədar karantin rejimi dövründə Qazaxıstana gələn xarici ölkə vətəndaşlarına verilən vizaların etibarlılıq müddəti iyulun 10-dək uzadılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, pandemiya ilə əlaqədar ölkədə tətbiq olunan fövqəladə hallar zamanı bütün nəqliyyat vasitələrinin, dövlət orqanlarının, əhaliyə xidmət mərkəzlərinin işi dayandırılmışdı.
Qazaxıstan Daxili İşlər naziri Yerlan Turqumbayev bildirib ki, buna görə də dövlət başçısının tapşırığı ilə hökumət tərəfindən fövqəladə hallar zamanı vaxtı keçmiş bütün sənədlərin müddətinin 60 gün müddətinə uzadılması barədə qərar qəbul edilib.
Qeyd edək ki, Qazaxıstanda xarici ölkə vətəndaşlarının qeydiyyatı qaydalarında da dəyişiklik olunub.
Yerlan Turqumbayevin sözlərinə görə, xarici ölkə vətəndaşlarının ölkəyə daxil olduqdan sonra beş gün ərzində qeydiyyatdan keçmələrinin vacibliyi ilə bağlı qərarda dəyişiklik edilib. Dəyişikliyə əsasən, əcnəbilər ölkəyə daxil olduqdan sonra qeydiyyatdan keçmək üçün beş gün ərzində miqrasiya idarələrinə getmələrinə ehtiyac yoxdur. Lakin ziyarət və ya turizm üçün gələn əcnəbilər daxili işlər orqanlarına miqrasiya portalı vasitəsilə qeydiyyata alındıqları barədə məlumat verməlidirlər.
Xatırladaq ki, Qazaxıstanda COVID-19 virusunun yayılmasının qarşısının alınması istiqamətində məhdudlaşdırıcı tədbirlər çərçivəsində Fövqəladə vəziyyət rejiminin təmin edilməsi üzrə Prezident yanında Dövlət Komissiyası mart ayında ölkədəki əcnəbilərin vizalarının və iş icazələrinin müddətinin uzadılması barədə qərar vermişdi.