“Microsoft” şirkətinin rəsmisi “Windows” əməliyyat sistemində (ƏS) printerlərin yoxa çıxması ilə bağlı problemin mövcudluğunu təsdiq edib. “BleepinComputer” nəşri istifadəçilərin şikayətinə diqqət yetirib.
NUHÇIXAN İnformasiya Agentliyinə xarici KİV-lərə istinadən bildirir ki, avadanlıqla bağlı səhv “Windows 10” sisteminin “1903” və ya daha aşağı versiyalarında aşkar edilib. Printeri “USB” portu vasitəsilə qoşsaq, bundan sonra kompüteri söndürüb kabeli konnektordan çıxartsaq, o zaman əməliyyat sistemini yenidən işə saldıqda “Windows” sistemi avadanlığı müəyyənləşdirmir. Şikayət edən istifadəçilər bildiriblər ki, naməlum səhv kompüteri işə saldıqdan sonra printerlərin sazlamalardan silinməsinə səbəb olur.
İyunun 9-da “Microsoft” sözügedən səhvin mövcudluğunu təsdiq edib və bildirib ki, “Windows 10 1903”, “Windows 10 1909” və “Windows 10 2004” istifadəçiləri bu səhvlə rastlaşa bilərlər. Şirkətin mühəndisləri problemin müvəqqəti həlli barədə məlumat veriblər: bunun üçün printerin USB konnektorunu çıxartmaq, sonra əməliyyat sistemi söndürmək lazımdır, daha sonra ofis texnikasını işə salmaq və nəhayət, “Windows” sistemini qoşmaq lazımdır. “Microsoft”un rəsmisi deyib ki, sistemin növbəti yeniləmələrindən birində bu səhv aradan qaldırılacaq.