İyunun 13-də Yaponiya Mərkəzi Dəmir yolu şirkəti mətbuat nümayəndələrini yüksəksürətli “Shinkansen” ekspressinin “N700S” seriyasından olan yeni modelinin təqdimatına dəvət edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yeni qatarın sınağı Tokionu Osaka ilə birləşdirən “Tokaydo Shinkansen” xəttində keçirilib. Bildirilib ki, “N700S” son 13 ildə tamamilə yenilənmiş ilk modeldir və o, cari il iyulun 1-də xəttə buraxılacaq.
Göyərtəsində jurnalistlərin və digər qonaqların olduğu 16 vaqondan ibarət sürətli qatar “Tokio” stansiyasından yerli vaxtla səhər saat 10:00-da “Şin-Osaka” stansiyası istiqamətində yolu düşüb. Yeni seriyanın maksimal işçi sürəti əvvəlki modellərdə olduğu kimi saatda 285 kilometr təşkil edib. Bu model sakitliyi və havanın müqavimətini daha asan aradan qaldırması ilə fərqlənir.
Bundan əlavə, hər bir sərnişinin oturacağında mobil qurğuları qoşmaq üçün elektrik rozetka var və sərnişinlər oturacağı istədiyi səviyyədə avtomatik şəkildə rahatlaya bilərlər.
Eyni zamanda, qatar stansiyaya yaxınlaşan zaman yuxarı yük yeri avtomatik olaraq işıqlanır və bu, sərnişinlərə öz yükünü daha rahat görməyə şərait yaradır. Bununla yanaşı, yeni qatarda əl-üz yuma yerlərinin həcmi də əvvəlki modellərdə olduğundan 20 faiz böyükdür.
“JR Tokai” şirkətinin rəsmi nümayəndəsi Ueno Masayuki bildirib ki, “N700S” seriyası “Tokaido Shinkansen” xəttində yeni dövrün başlanğıcı olacaq. Şirkətdə inanırlar ki, yeni modelin tətbiqi koronavirus pandemiyasına görə azalmış sərnişinlərin sayının artmasına müsbət təsir göstərəcək.