Türkiyənin Bingöl vilayətinin Karlıova rayonunda iyunun 14-də yerli vaxtla saat 17:24-də 5,7 bal gücündə baş verən zəlzələ nəticəsində Kaynarpınar kəndindəki təhlükəsizlik poçtunda xidmət aparan üç nəfər yaralanıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Bingöl valisi Kadır Əkinçi açıqlamasında bildirib. Bölgə KİV-lərinin məlumatına görə, bəzi tikililərdə çatlar əmələ gəlib. Dağ yollarında uçqunlar baş verib.
Ətraf Mühit və Şəhərsalma naziri Murat Kurum bildirib ki, nazirliyin əməkdaşları təbii fəlakət bölgəsinə ezam olunublar.
Qeyd edək ki, Elazığ, Muş, Ərzurum və Diyarbəkir bölgələrində də hiss edilən yeraltı təkan əhali arasında böyük təşvişə səbəb olub. Ekspertlərin ilkin açıqlamalarına görə, zəlzələnin episentri Anadolu bölgəsinin ən aktiv seysmoloji zolaqlarından birinə düşür.