Türkiyənin Bingöl vilayətinin Karlıova rayonunda iyunun 14-də baş verən zəlzələ nəticəsində zərər görən evlərin sakinləri üçün bölgəyə 500 çadır göndərilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Bildirilir ki, AFAD-a məxsus 13 maşın və 59 əməkdaş təbii fəlakət bölgəsinə yollanıb.
Ən son məlumata görə, Yeddisu rayonunun Elmalı və Dinarbəy kəndlərində 10 ev dağılıb. Kaynarpınar kəndindəki təhlükəsizlik poçtu çöküb və burada xidmət aparan 3 nəfər yaralanıb. Yeddi nəfər dağıntılar altından çıxarılıb. Yaralananların vəziyyəti normaldır.
Məlumat verilib ki, vitse-prezident Fuat Oktay və Daxili İşlər naziri Süleyman Soylu təbii fəlakət bölgəsinə gedəcəklər.
Qeyd edək ki, iyunun 14-də yerli vaxtla saat 17:24-də 5,7 bal gücündə baş verən zəlzələdən sonra saat 20-yə qədər 4,7 bal və ondan zəif olmaqla 22-dən çox yeraltı təkan olub. Elazığ, Muş, Ərzurum və Diyarbəkir bölgələrində də hiss olunan yeraltı təkan əhali arasında böyük təşviş yaradıb. Ekspertlərin ilkin açıqlamalarına görə, zəlzələnin episentri Anadolu bölgəsinin ən aktiv seysmoloji zolaqlarından birindədir.