Çinin “BeiDou” naviqasiya sisteminə aid sonuncu peykin iyunun 16-da nəzərdə tutulan buraxılışı texniki problemlər səbəbindən təxirə salınıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Çinin Peyk Naviqasiya Ofisi peyki orbitə çıxarmalı olan "Long March-3B" raketdaşıyıcısında test zamanı texniki problemin ortaya çıxdığını açıqlayıb. Buraxılışın yeni vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, "BeiDou” naviqasiya sistemi üzrə indiyədək 29 peyk orbitə çıxarılıb. Sonuncu peykin orbitə çıxarılması ilə sistem tam fəaliyyətə başlayacaq.
Çin 3 mərhələdə özünün peyk naviqasiya sisteminin formalaşdırılmasına başlayıb. Yalnız ölkə ərazisində xidmətlər göstərən birinci mərhələnin formalaşdırılması 2000-ci illərin sonunda başa çatıb. 2012-ci ildə başa çatan ikinci mərhələdə sistemin Asiya və Sakit okean hövzəsi regionunda xidmətlər göstərməsi təmin olunub. Üçüncü mərhələdə isə sistemin bütün dünyanı əhatə etməsi mümkün olacaq. “BeiDou” sisteminin xidmətlərindən nəqliyyat, kənd təsərrüfatı, balıqçılıq, təbii və texnogen fəlakətlərin nəticələrinin aradan qaldırılması da daxil olmaqla bir çox istiqamətlər üzrə geniş istifadə olunur. Çindəki internetə çıxışı olan smartfonların 70 faizdən çoxu “BeiDou” sistemindən istifadə edir.
“BeiDou” sistemi dünyada GPS (ABŞ), “GLONASS” (Rusiya) və “Galileo”dan (“Avropa İttifaqı”) sonra 4-cü naviqasiya sistemidir.