ÜST koronavirusa qarşı peyvəndin bu il hazır olacağına ümid edir

A- A A+

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəyərləndirməsinə görə, yeni növ koronavirusa qarşı bir və ya iki peyvənd maddəsi hazır olacaqdır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə məlumatı ÜST-ün elmi araşdırmalar üzrə əsas səlahiyyətli nümayəndəsi Soumya Svaminatan verib. O, bildirib ki, kliniki araşdırmalarla bağlı gedişatı dəyərləndirmək çətindir, lakin proseslər uğurlu olarsa, bu ilin sonunadək bir neçə milyon flakon peyvənd istifadəyə hazır ola bilər.

Qeyd edilib ki, hazırda 200 mümkün peyvənd maddəsi üzərində elmi tədqiqatlar aparılır, onlardan təxminən 10-u artıq insanlar üzərində kliniki tədqiqat mərhələsindədir.

Təşkilatın baş elmi tədqiqatçısı bildirib ki, peyvənd hazır olduqdan sonra növbəti mərhələ onun yetərincə istehsalına nail olmaqdır. Gələn ilin sonunadək peyvəndin iki milyard nüsxədə istehsalı gözlənilir.

S.Svaminatan, həmçinin vurğulayıb ki, ÜST hazırda mümkün peyvəndin prioritetlər üzrə paylanmasının razılaşdırılması üçün üzv ölkələrlə danışıqlar aparır. Bu yolla da hansısa bir ölkənin təkbaşına böyük miqdarda peyvənd flakonlarına sahiblənməsinin qarşısı alınmalıdır.

Peyvənd maddələri üzərində tədqiqatlar rekord tempdə aparılsa da, baş elmi tədqiqatçı insan sağlamlığının qorunmasında heç bir güzəştə gedilmədiyini də diqqətə çatdırıb. O bildirib ki, bütün peyvənd maddələrinin insan orqanizminə göstərə biləcəyi yan təsirlər araşdırılır.

Həmçinin qeyd edilib ki, həm ölüm hallarını azaltmadığına, həm də siyasi konteksdə qalmaqallarla müşayiət olunduğuna görə ÜST malyariyaya qarşı tətbiq olunan hidroksixloroxin dərmanı ilə COVID-19-a qarşı aparılan kliniki testləri tamamilə dayandırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: