Ermənistanda Paşinyana etimad azalıb

Baş nazir hakimiyyətini qorumaq üçün radikal addımlar atır

A- A A+

Ermənistanda koronavirusun yayılmasının qarşısını almaq məqsədilə fövqəladə vəziyyət rejimi iyulun 13-dək uzadılsa da, işğalçı ölkədə sosial-iqtisadi durum pandemiya ucbatından daha sürətlə pisləşməkdədir. Bunlar, eyni zamanda Paşinyan iqtidarına qarşı da dərin bir etimadsızlığın hökm sürdüyünü üzə çıxardır. Pandemiya fonunda ölkənin bütün sahələrdə, o cümlədən sosial sferada artan problemləri artıq baş nazir üçün ciddi çətinliklər yaratmaqdadır.

Görünən həm də budur ki, dünənə qədər demokratiya və qanunçuluqdan dəm vuran Paşinyan vəzifəsini qoruyub saxlamaq üçün ən radikal addımlara belə gedir. Ona qarşı çıxan qüvvələr indi sərt şəkildə Paşinyanı müxtəlif məsələlərdə ittiham edərək, ölkəni uçuruma doğru yuvarladığını bildirirlər.

Qeyd olunur ki, Ermənistanın gələcəyi əvvəllərdə olduğu kimi, bu gün də Paşinyan üçün elə də bir önəm kəsb etmir. Çünki hələ 2018-ci ildə Paşinyan hakimiyyətə gətiriləndə Ermənistanda çoxları onun ölkəyə rəhbərlik etmək iqtidarında olmadığını yaxşı anlayırdılar. Göründüyü kimi, bu da özünü çox gözlətmədi - koronavirus böhranı onun nəyə qadir olduğunu ortaya qoydu.

Bu günlərdə keçirdiyi növbəti brifinqlərin birində pandemiyanı müharibə ilə müqayisə edən Paşinyan bu zaman çaxnaşma və ya yanlış məlumat verənlərin hansı aqibətlə üzləşdiyini rəqiblərinə xatırladıb. Hətta vurğulayıb ki, koronavirus ölkədəki bir sıra siyasi qüvvə və qrupların ölümünə səbəb olacaq. Paşinyanın bu ittihamları hansı partiyaya ünvanladığı da açıq-aydındır. Xatırladaq ki, bir müddət bundan əvvəl də Paşinyan "Daşnaktsütyun” partiyası üçün heç bir şeyin dəyişmədiyini, yəni 2018-ci ilin yayından bəri bu partiyanın faktiki olaraq baş nazirin istefasını tələb etdiyini bildirmişdi.

Müxalifət liderləri Paşinyanın "Facebook” səhifəsində son günlərdə yazdıqlarının Ermənistan ictimaiyyəti üçün çox ciddi, təhlükəli xəbərdarlıq olduğunu iddia edirlər. Belə ki, baş nazir koronavirusa yoluxanların və ölənlərin sayının durmadan artmasını kütləvi olaraq tibbi maska geyinməkdən imtina etməkləri ilə əlaqələndirmişdi: "Bəlkə biz vətəndaşlarımıza öz sağlamlıqlarının qeydinə qalmağı məcbur etməliyik.

Vətəndaşımızla zor dilində danışmalıyıq?”

Pandemiya dövlət idarəçiliyində Paşinyan iqtidarının bacarıqsız olduğunu növbəti dəfə sübut etdi. Fövqəladə vəziyyət elan edildi, iqtisadiyyat dayandırıldı, ancaq infeksiyanın qarşısını almaq üçün həmin dövrdən səmərəli istifadə etmək üçün heç bir iş görülmədi. "168.am” nəşri yazır ki, komendantlıq özü üçün kağız üzərində qalan qərarlar qəbul etdi. Vurğulanıb ki, hakimiyyətdəkilərin özləri də pandemiyaya qarşı mübarizəni iflasa uğratdıqlarını görürlər. Lakin təkəbbürləri bunu qəbul etməyə və kömək üçün mütəxəssislərə müraciət etməyə imkan vermir.

Respublikaçılar Partiyasının nümayəndəsi Armen Aşotyan isə Paşinyanın hakimiyyətə gələndən bu günə kimi heç vaxt Ermənistanın gələcəyi ilə maraqlanmadığını bildirib. Onun sözlərinə görə, bu gün koronavirusla bağlı fövqəladə rejimin uzadılması ideyası əsasən müstəsna siyasi motivlərə malikdir: "Çünki hazırda ölkədən əhalinin artan narazılığı, dialoq və müxalif qüvvələrin birləşməsi Nikol Paşinyanı qorxuya salmaqdadır. Fövqəladə vəziyyət rejiminin iyun ayında uzadılmasını əsaslandıracaq başqa bir şey yoxdur. Aydındır ki, Paşinyan fövqəladə vəziyyət rejimini tətbiq etməklə vətəndaş və siyasi qüvvələrin siyasi azadlıqlarından, o cümlədən sərbəst toplaşmaq, mitinq və nümayiş azadlıqlarından tam istifadə etmək imkanına mane olur”.

Ölkədə fövqəladə vəziyyət rejiminin uzadılması motivinin yalnız siyasi xarakter daşıdığını bildirən Aşotyan, bütün bunlara baxmayaraq, Paşiyanın xilasının mümkünsüzlüyünü də gizlətmir. Onun sözlərinə görə, əslində, bu gün Nikol Paşinyan koronavirusla mübarizə və ya ölkədə sosial-iqtisadi fəaliyyətin bərpası ilə deyil, yalnız öz gücünün gücləndirilməsi ilə məşğuldur: "Bütün bunlara baxmayaraq, koronavirus böhranı onun nüfuzuna ağır zərbə vurmuş oldu. Ona görə də Nikolun bu gün də özünü xalqın baş naziri kimi qələmə verib yenidən yardım diləməsi ona elə də bir şans verməyəcək. Bundan əlavə, bir müddət əvvəl Paşinyanın güc strukturları rəhbərlərinin dəyişməsi də başadüşüləndir. Çünki Nikol artıq xalqdan ümid gəlməyəcəyini anlamaqdadır və ona görə də ölkənin güc strukturlarında öz adamlarını yerləşdirməklə öz gücünü gücləndirməyə cəhd edir”.

 

Elçin CƏFƏROV

"Azərbaycan”

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: