Son aylarda Avropa ölkələrində koronavirusa yoluxma halları azalmağa doğru getsə də, son həftələrdə infeksiyaya yoluxma halları artmağa başlayıb. Son iki həftədə Avropa regionunda yerləşən 30 ölkədə gündəlik yoluxma faktlarının sayı artıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa bürosu məlumat yayıb. Regional büronun direktoru Hans Kluqe qeyd edib ki, bu çoxalma faktı son aylarda ən yüksək həftəlik artımdır. Almaniya, İspaniya, Polşa və İsraildə yoluxma ocaqları müəyyən edilərək məktəblər, kömür mədənləri və qida sənayesi obyektləri karantin altına alınıb. O, yeni yaranan klasterlərdə cəld və məqsədyönlü müdaxiləni yüksək qiymətləndirib.
H.Kluqe, həmçinin qeyd edib ki, son sutka ərzində dünyada 183 min yeni yoluxma halı müəyyən edilib. Avropa regionunda gündəlik təxminən 20 min yoluxma və 700-dən artıq ölüm faktı qeydə alınır və bu tendensiyanın artmasının qarşısı alınmalıdır.
ÜST Avropa regionuna 53 ölkəni daxil edib. Burada Aİ üzv ölkələri ilə yanaşı, Rusiya, Balkan dövlətləri və digər ölkələr yer alır.