Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (European Union Aviation Safety Agency, EASA) ilk dəfə Sloveniyanın “Pipistrel” şirkətinə məxsus “Velis Electro” birmühərrikli elektrik təyyarəsini sertifikasiyadan keçirib. Sertifikatın əldə olunması təyyarənin kütləvi istehsalına başlamağa imkan verəcək.
NUHÇIXAN İnformasiya Agentliyi ixbt.com saytına istinadən xəbər verir ki, iki nəfər – pilot və bir sərnişin üçün nəzərdə tutulan təyyarənin tədarükü üçün hazırda 31 sifariş qəbul edilib. Belə ki, “Velis Electro” yeddi müxtəlif ölkənin təyyarəçilik məktəbinə göndərilərək pilotların təlimi üçün istifadə ediləcək. “Pipistrel” artıq “Sino GA” şirkəti ilə 500 milyon dollar məbləğində saziş imzalayıb. Elektriklə işləyən təyyarənin yığılması Çin şirkətinin iki zavodunda həyata keçiriləcək.
“Velis Electro” təyyarəsi maksimum 77,2 at gücünə malik “Pipistrel E-811-268MVLC” elektromotoru ilə təchiz edilib. Maksimum sürət 181 km/saat, maksimum avtonomluq 50 uçuş dəqiqəsi təşkil edir. 428 kiloqramlıq təyyarənin maksimum yükgötürmə qabiliyyəti 600 kiloqrama bərabərdir.
“Velis Electro” birmühərrikli elektrik təyyarəsinin qiyməti 160 min avro təşkil edir.