Koronavirus pandemiyası ilə əlaqədar Avstriyada ən çox zərər görən sahələrdən biri də avtomobil satışı sektorudur.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, hökumət avtomobil satışını dəstəkləmək üçün stimullaşdırıcı tədbirlər görməyə hazırlaşır. Ekologiya naziri Leonore Qevessler bildirib ki, böhrandan çıxmağa çalışan hökumət ilk növbədə innovativ və “yaşıl” texnologiyalara üstünlük verməyə çalışır. Ona görə də, idxal edilən hər bir elektrik mühərrikli avtomobil üçün dövlət subsidiyalarının həcmi 3 min avrodan 5 min avroya artırılıb. Nazirin sözlərinə görə, bununla da hökumət koalisiya proqramında nəzərdə tutulan hədəflərdən biri olan elektromobilliyin dəstəklənməsinə öz töhfəsini verir.
Nazir, həmçinin bildirib ki, subsidiyalar təkcə avtomobillərə deyil, eyni zamanda, elektrik mühərrikli motosikl və mopedlərə də şamil olunacaq. Eyni zamanda, fərdi elektrikdoldurma stansiyaları üçün indiyədək dövlətin ayırdığı 200 avro məbləğində subsidiya yaxın gələcəkdə 600 avroya yüksəldiləcək. Bildirilib ki, hökumət 2019-2020-ci illər üzrə elektromobilliyin dəstəklənməsi proqramına ümumilikdə 93 milyon avro vəsait sərf edəcək.
Avstriya Avtomobil İdxalçıları Birliyinin rəhbəri Qünter Kerle hökumətin bu addımını alqışlayaraq gələcəyə və “təmiz” mobilliyə yatırılan sərmayəni müsbət siqnal kimi dəyərləndirib. Bununla belə, o, COVID-19 böhranının rəhbəri olduğu iqtisadi sektorda ağır izlər buraxdığını və hökuməti avtomobil satışı sektoruna diqqəti artırmağa çağırıb.