Ermənistanın baş naziri Nikol Paşinyan fərari çıxdı. Bu günlərdə erməni mediası məhz bu xəbərlə çalxalanır. Məlum olub ki, baş nazir fərarilik edərək orduya getməkdən yayınıb. Yayılan məsələyə münasibət bildirərkən isə Paşinyan qeyd edib ki, iki qardaşı orduda xidmət edib, buna görə də onu hərbi xidmətə çağırmayıblar.
Lakin Ermənistanın “168.am” nəşrinin kiçik bir araşdırmasından sonra məlum olub ki, Paşinyanın dediyi üçüncü qardaş məsələsi tamamilə yalandır. Sözügedən nəşr bunu onunla əsaslandırıb ki, 1992-ci ildə qəbul edilmiş “Hərbi vəzifə haqqında” Ermənistan Respublikasının ilk qanunu həqiqətən də xidmət etmiş iki qardaşın üçüncü qardaşının məcburi hərbi xidmətdən azad edilməsini nəzərdə tuturdu. Ancaq bu qanunverici müddəa 1994-cü ildə ləğv edilib və bundan sonra bütün üçüncü qardaşlar orduya çağırılıb: “Sevimli” baş nazirimiz bu səbəbdən xidmətdən azad edildiyini qeyd edir, ancaq yalan danışır. Paşinyan 1991-1995-ci illərdə İrəvan Dövlət Universitetində təhsil alıb və təxirəsalınma qanuni hüququndan istifadə edib. 1995-ci ilin payızında o, universitetdən qovulduqda isə artıq “üçüncü qardaş” maddəsi ləğv edilmişdi. O zaman Paşinyanın 20 yaşı var idi və universitetdən qovulduğu üçün məcburi həqiqi hərbi xidmətə getməli idi, Amma özünün də etiraf etdiyi kimi, o, ictimaiyyətə məlum olmayan səbəbdən hərbi xidmətə getməyib. Ən acınacaqlısı odur ki, amma bu gün müharibə şəraitində o, Ermənistan Respublikası Silahlı Qüvvələrinin Baş komandanıdır. Sual olunur: Paşinyan niyə hərbi xidmətə getmədi? Və nə üçün hər kəs bu məsələdə susqundur? O, daha hansı sirləri saxlayır?”
Aşağıda qeyd edəcəyim başqa bir faktı da nəzərə aldıqda, təbii olaraq belə bir fikir yaranır ki, Paşinyan ailəsinin nədənsə orduya, dövlətə və millətə xidmətlə bağlı ciddi problemləri var. Belə ki, bir müddət öncə Nikol Paşinyanın babasının faşistlərə xidmət etdiyi, onlarla əməkdaşlıq etdiyi də məlum olmuşdu. İşğalıçı ölkənin “İravunk.am” saytının yaydığı məlumatda bildirirdi ki, baş nazir 1913-cü il təvəllüdlü babası Nikol Paşinyanın fotosunu paylaşaraq onun Böyük Vətən müharibəsi illərində 554-cü motoatıcı alayın 138-ci diviziyasında vətən uğrunda döyüşdüyünü yazırdı. Elə əsas qalmaqal da bundan sonra başlamışdı. Paylaşıma yazılan çoxsaylı şərhlərdə bildirilmişdi ki, Nikol Vartanoviç Paşinyan nasist ordusunun sıralarında, Qaregin Njdenin rəhbərlik etdiyi legionda SSRİ uğrunda deyil, məhz SSRİ-yə qarşı döyüşüb. Yazılan çoxsaylı şərhlərdən sonra Ermənistan mətbuatı araşdırma apararaq baba Paşinyanın həqiqətən də faşistlərə xidmət etdiyini üzə çıxardı. Mətbuatın araşdırması zamanı o da məlum olmuşdu ki, 23.12.1913 tarixində Ermənistan SSR-in Yenokavan bölgəsində anadan olan Nikol Paşinyan düşmənlə əməkdaşlıq etdiyi üçün öldürülüb.
Göründüyü kimi, erməni mediası ard-arda Paşinyanın yalanlarını ortaya çıxarır. Qəribədir ki, babası orduda xəyanətə görə edam edilən, özü isə ümumiyyətlə, hərbi xidmtədən boyun qaçıran Paşinyan hərbi əməliyyatlardan danışır. Şübhəsiz ki, belə faktların ortaya çıxması erməni cəmiyyətində Paşinyanın reytinqini aşağı salır, beynəlxalq aləmdə onsuz da ciddi olmayan nüfuzunu daha da azaldır.
Taleh Bağırov
“İki sahil”