“OPEC+” razılaşmasına görə, avqust ayında neft istehsalı yenidən artacaq.
NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-lərə istinadla xəbər verir ki, bu sözləri Rusiyanın Energetika naziri Aleksandr Novak deyib.
O, “OPEC+” sazişi üzrə hazırkı məhdudiyyət kvotalarının müddətinin uzadılması barədə qərarın qəbul edilmədiyini bildirib. Mövcud razılaşmaya əsasən, ölkələr neft istehsalını avqustun 1-dən etibarən artıracaq.
A.Novak saziş çərçivəsində neft hasilatının gündəlik 9,7 milyon barrel azaldılması ilə bağlı qərarın iyul ayının sonuna qədər etibarlı olduğunu xatırladıb. Deyib ki, iyuldan sonrakı dövr üçün razılaşmanın müddətinin uzadılması barədə hələ ki, qərar qəbul edilməyib. Mövcud vəziyyətə və texniki məlumatlara baxacağıq. Bundan sonra, OPEC-in Texniki Komitəsi razılaşmanın icrası ilə bağlı qiymətləndirmə və məsləhətləşmələr aparacaq.
Xatırladaq ki, aprelin 12-də “OPEC+” ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş tarixi razılaşma, ümumilikdə, gündəlik xam neft hasilatının may-iyunda 9,7 milyon barrel, iyul-dekabrda 7,7 milyon barrel, 2021-ci ildən 2022-ci il aprel ayının sonuna qədər 5,8 milyon barrel azaldılmasını nəzərdə tuturdu. İyunun 6-da OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin videokonfrans formatında keçirilən 11-ci iclasında gündəlik neft hasilatının 9,7 milyon barrel azaldılması ilə bağlı mövcud kvotanın müddətinin daha bir ay - iyulun sonunadək uzadılması barədə qərar qəbul olunub. Beləliklə, iyulda gündəlik neft hasilatını OPEC ölkələri 6,08 milyon barrel, qeyri-OPEC ölkələri isə 3,61 milyon barrel azaldacaq. Qeyd edək ki, Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt və Oman isə iyun ayında gündəlik neft istehsalını əlavə olaraq, təxminən 1,2 milyon barrel həcmində ixtisar edib.
Yeni “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq Azərbaycan may-iyun ayları üzrə 164 min barrel həcmindəki öhdəliyini bu müddət ərzində də yerinə yetirərək, gündəlik xam neft istehsalını 554 min barrel səviyyəsində saxlamalıdır.