Rusiya Birbaşa İnvestisiyalar Fondunun (RBİF) və “XimRar” şirkətlər qrupunun müştərək müəssisəsi koronavirus infeksiyasının müalicəsi üçün “Avifavir” adlı preparatı ixrac etməyə başlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, iyun ayında bu preparat Belarusa ixrac edilib, yaxın vaxtlarda onun Qazaxıstana da ixrac ediləcəyi gözlənilir.
50-dən çox ölkə bu dərmanı idxal etməkdə maraqlı olduğunu bildirib. “Avifavir”in bir sıra Latın Amerikası dövlətlərinə ixrac edilməsi barədə danışıqlar aparılır. MDB ölkələri və Yaxın Şərq dövlətləri də onu almaqda maraqlı olduqlarını bildiriblər.
RBİF-in rəhbəri Kirill Dmitriyev deyib: “ABŞ hakimiyyət orqanları yaxın aylar ərzində “Gilead Sciences” şirkətinin istehsal etdiyi “Remdesivir” preparatının 100 faizini almaq qərarına gəlib. Rusiya bu faktı və dünya bazarında səmərəli preparatlar qıtlığı yaranmasını nəzərə alaraq koronavirusa qarşı mübarizədə digər ölkələrin köməyinə gəlməyə və xarici ölkələrə “Avifavir” satmağa başlamağa hazırdır.
K.Dmitriyev onu da vurğulayıb ki, Rusiyada istehsal olunan preparat qat-qat ucuz başa gəlir, həblər şəklində buraxılır. Onun sözlərinə görə, bu dərman COVID-19-un erkən mərhələlərində terapiyanı həyata keçirməyə imkan verir.
RBİF və “XimRar” şirkətlər qrupunun müştərək müəssisəsi iyun ayında 100 min müalicə kursu üçün preparat istehsal edib və Rusiyanın 35 regionuna göndərib. Müəssisənin istehsal gücünün 3 dəfə artırılması sayəsində indi ayda 300 min müalicə kursu üçün belə preparat buraxmaq mümkündür. Gözlənildiyinə görə, bu halda “Avifavir”ə daxili tələbatı tam təmin etməyə və onun ixracına başlamağa imkan yaranacaq.