Ermənistan hökuməti koronavirus pandemiyası ilə əlaqədar martın 16-dan elan etdiyi fövqəladə vəziyyət rejimini dördüncü dəfə uzatmaq niyyətindədir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan iyulun 6-da keçirdiyi brifinqdə söyləyib.
“Biz başa düşürük ki, ölkədə fövqəladə vəziyyət rejimini sonsuzluğa qədər uzada bilmərik. Amma ölkədəki epidemioloji vəziyyəti də nəzərə almalıyıq. Balanslaşdırılmış qərar qəbul etməliyik. Vəziyyət onu göstərir ki, biz fövqəladə vəziyyət rejimini dördüncü dəfə və ən azı daha bir ay uzatmalıyıq”, - deyə Paşinyan bildirib.
O deyib ki, Ermənistan hakimiyyətinin üçüncü dəfə elan etdiyi fövqəladə vəziyyət rejimi iyulun 13-də başa çatır. Ölkədəki epidemioloji vəziyyət isə ağır olaraq qalır.
Qeyd edək ki, hazırda Ermənistanda 28 min 936 koronavirus xəstəsi var və onların 330 nəfəri son 24 saat ərzində yoluxub. 491 nəfər isə pandemiyanın qurbanı olub.