Türkiyədə 2016-cı ildə törədilən dövlət çevrilişi cəhdinin qarşısının alınmasının dördüncü ildönümü, 15 İyul – Demokratiya və Milli Birlik Günü geniş şəkildə qeyd olunacaq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının İctimai Əlaqələr İdarəsi ölkə daxilində və xaricdə keçiriləcək tədbirlər proqramını elan edib.
Plana əsasən 15 iyun şəhidlərinin əziz xatirəsi anılacaq, şəhid və qazilərə həsr olunan proqramlar nümayiş ediləcək. Bildirilir ki, Prezident Administrasiyasında, Türkiyə Böyük Millət Məclisində anım mərasimləri təşkil olunacaq. Ümumilikdə 2238 proqram hazırlanıb. Prezident Rəcəb Tayyib Ərdoğanın xalqa xitabı və şəhid ailələri ilə görüşü nəzərdə tutulub.
Qeyd edək ki, FETÖ terror təşkilatı 2016-cı il iyulun 15-də dövlət çevrilişinə hərbi cəhd göstərib. Nəticədə 251 qəhrəman türkiyəli şəhid olub, 2 min 194 nəfər yaralanıb. Qəhrəman Türkiyə xalqı Prezident Rəcəb Tayyib Ərdoğanın ətrafında sıx birləşərək dövlətçiliyini əzmlə qoruyub. Azərbaycan xalqı və dövləti hər zaman olduğu kimi, 15 iyul hadisələrində də Türkiyənin yanında olub, dövlətin qorunmasına dəstəyini əsirgəməyib.