Dünya hələ yeni koronavirus pandemiyasının ilkin mərhələsindədir.
NUHÇIXAN İnformasiya Agentliyi “Corriere della Sera” nəşrinə istinadla xəbər verir ki, bu fikri ABŞ-ın baş infeksionisti, koronavirusla mübarizə üzrə işçi qrupunun baş eksperti doktor Entoni Fauçi səsləndirib.
“Biz Braziliya və Cənubi Afrika Respublikasında və indi də Asiyada koronavirusa kütləvi yoluxma hallarını müşahidə edirik. Biz çox güman ki, zəifləmədən öncə güclənəcək qlobal pandemiyanın hələ başlanğıcındayıq”, - deyə baş infeksionist qəzetə müsahibəsində bildirib.
Onun sözlərinə görə, dünya ölkələri pandemiyanın qarşısını almaq üçün birlikdə koordinasiyalı tədbirlər görməsə, virus daha bir neçə ay aktiv yayılacaq. Entoni Fauçi, həmçinin hökumətin ABŞ-da koronavirus infeksiyasının qarşısını almaqda aciz olduğunu etiraf edib. “Bəzi ştatlar fəaliyyəti bərpa etmək üçün tələsdilər və məhdudiyyətləri tez aradan qaldırdılar. İnsanların çoxu, əsasən də gənclər tövsiyələrə əməl etmədilər. Nəticədə Kaliforniya, Arizona, Florida və Texas kimi ştatlarda yoluxma halları artmağa başladı”, - deyə mütəxəssis əlavə edib.
ABŞ həm COVID-19 infeksiyasına yoluxma, həm də ölüm hallarının sayına görə dünyada birinci yerdədir.
Pandemiyanın statistikasını aparan Worldometer saytının son məlumatına əsasən, hazırda Birləşmiş Ştatlarda 3 milyon 161 mindən çox yoluxma və 134 min 940 ölüm faktı qeydə alınıb, 1 milyon 393 min 363 nəfər isə koronavirus xəstəliyindən sağalıb.