Texnologiyanın yeni nailiyyəti olan aparat sayəsində insanlar unutduqları yuxunu xatırlaya biləcəklər.
NUHÇIXAN BBC-yə istinadla xəbər verir ki, Massaçusets Texnoloji İnstitutunun fizioloqu Adam Horoviç icad etdiyi cihazın yuxunun müxtəlif mərhələlərində bioməlumatları qeydə aldığını bildirib. Onun sözlərinə görə, bu məlumatlar tibdə hipnaqogiya adlanan oyaq vəziyyətdən dərin yuxu mərhələsində keçid zamanı yuxuda görüb unutduqlarımızı təkrar canlandırmağa kömək edəcək.
Tomas Edison, Nikola Tesla, Edqar Po və Salvador Dali kimi dahilər yuxunun bu fazasına sirayət etmək üçün sadə üsuldan – polad kürə formasında əşyadan istifadə ediblər. İnsanın dərin yuxuya daldığı zaman əlindən düşərək səs çıxaran bu alət hipnaqogik hallüsinasiyaları xatırlamağa kömək edirmiş.
“Dormio” adlandırılan yeni cihaz isə mobil telefona, yaxud robota qoşulur və yuxuya getdiyiniz zaman müəyyən sözlər tələffüz edir. Bu kəlmələr yuxugörmənin məzmununa təsir edə və yatmış adamı dərin yuxu vəziyyətindən çıxara bilər. Adam Horoviç əlavə edib: “Eksperiment zamanı biz “Jibo” robotunun köməyi ilə cihazın oyatdığı insanın yuxuda eşitdiyi sözləri qeydə aldıq və onların təkrar edildiyinin şahidi olduq. Suallara cavab verən bu insan bir neçə saniyə sonra yenidən dərin yuxuya daldı”.
Bu cihaz cəmi 15 nəfərin üzərində sınaqdan keçirilib, lakin tədqiqatçılar testlərin daha da genişləndirilməsi və “Dormio”nun yaxın gələcəkdə kütləvi satışa çıxarılmasını planlaşdırırlar. “Ömrümüzün üçdəbiri yuxuda keçir, amma alimlərin bu müddətdə baş verənlər haqqında məlumatı çox azdır. Ziqmund Freyd hesab edirdi ki, yuxugörmələr insanın gizli arzu və qorxularını əks etdirir. Monreal Universitetinin professoru Andonio Zadra isə yuxuda görüklərimizin 90 faizini unutduğumuzu və bunun insan psixologiyası üçün qorunma mexanizmi olduğunu iddia edir. Mən də hesab edirəm ki, yuxu prosesinə müdaxilə etmək bəzi etik normaların pozulması deməkdir. Lakin insanın yuxuda gördüklərini tam olaraq xatırlaması özünüdərk baxımından faydalı olacaq”, -deyə Adam Horoviç sözlərinə yekun vurub.
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.