Gənclər fərarilik edir, Paşinyanın ümidi qocalaradır

Ermənistanda ordunun son durumu ilə bağlı həyəcan təbili çalınır

A- A A+

Bu gün Ermənistan ordusunda əvvəllər də müşahidə olunan qanun pozuntuları daha geniş miqyas almağa başlayıb. Erməni ordusunun itkisi həm döyüş, həm də qeyri-döyüş şəraitində kütləvi şəkildə artır.

Ermənistan və Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində ermənilərin son günlər törətməyə çalışdığı təxribatlar Nikol Paşinyan iqtidarına olduqca baha başa gəlir. Erməni ordusunun təxribatlarının qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınır, cəbhədə düşmənin itkiləri durmadan artır.

Çoxsaylı itkilər və artan fərarilik fonunda erməni ordusunda əsgər çatışmazlığı özünü daha qabarıq büruzə verməyə başlayıb. Erməni mediasının yazdığına görə, Azərbaycan Ordusunun son günlərdə uğurlu əks-həmlə döyüşlərindən sonra ciddi itkilər verərək geri çəkilən Ermənistan silahlı qüvvələrinə səfərbərlik başlayıb.

Paşinyan hökumətinin son təcili iclasının qapalı hissəsində səfərbərlik aparılması zərurəti ifadə olunub. Baş nazir açıq etiraf edib ki, Azərbaycan-Ermənistan sərhədinin bir istiqamətində gedən mövqe döyüşlərinə görə ehtiyat qüvvələrin cəlb edilməsinə zərurət yaranıb.

Daha sonra baş nazir səfərbərlik zərurətini Müdafiə Nazirliyinin rəhbərliyi-nazir David Tonoyanla və baş qərargah rəisi Onik Qasparyanla müzakirə edib. Xüsusən də "Yerkrapa” könüllülərinin döyüş əməliyyatlarına cəlb edilməsi haqda danışılıb.

Xatırladaq ki, 2016-cı ilin Aprel döyüşlərində Azərbaycan Ordusunun "Ohanyan xətti”ni cəmi 40 dəqiqəyə darmadağın etməsindən sonra çağırışçı əsgərlərin duruş gətirə bilmədiyini görən sabiq prezident Serj Sarkisyan hakimiyyəti "Yerkrapa”dan olan veteranları səfərbər etmişdi. Gənc əsgərlər, xüsusilə də Ermənistandan olan hərbçilər işğal altında saxladıqları Azərbaycan torpaqlarından qaçdıqdan sonra yaşlı muzdlular hərbi silah-sursatla təmin olunaraq orduya göndərilmişdi. Orduya cəlb edilən mülki şəxslərin əksəriyyətinin yaşı 60-ı ötmüş, spirtli içki aludəçisi olan, vecsiz həyat tərzi sürən, ayaq üstə güclə dayanan ahıllar idi. Belə görünür ki, Tonoyan və Paşinyan da sələfi kimi indiki vəziyyətdə birinci Qarabağ müharibəsinin qoca veteranlarının döyüşə cəlb edilməsinin alternativini görmür.

Qeyd edək ki, Ermənistan hökuməti Azərbaycanla sərhəddə baş verən hadisələrin işıqlandırılmasına ciddi senzura tətbiq edib. Dünya mətbuatı Ermənistan silahlı qüvvələrinin həmin döyüşlərdə 100-ə qədər canlı qüvvə (ölü və yaralı olmaqla) itirdiyini xəbər verib. Lakin Ermənistan Müdafiə Nazirliyi bu günə qədər cəmi 8 hərbçisinin həlak olduğunu təsdiq edir. Son hadisələrə dair bütün informasiyalar baş nazir Paşinyanın aparatında senzuradan keçir. Yəni onun və köməkçilərinin icazəsi olmadan, Müdafiə Nazirliyinin senzurasından keçmədən KİV baş vermiş hadisələr, şəxsi heyət arasına itkilər barədə heç bir informasiya dərc edə bilmir.

Döyüş itkilərindən əlavə, Ermənistan ordusunda baş verən fərarilik, ölüm, döyülmə, rüşvət, korrupsiya, intihar, təcavüz və digər nizamnamədən kənar halların sayı dəfələrlə artıb. Əvvəlki kimi, erməni ordusu daxildə çox ciddi qütbləşməyə məruzdur, regionçuluq məsələsi bu silahlı qüvvələrin durumunu daha da pisləşdirir. Komandirlər tərəfindən hərbi hissələrdən hərbi qulluqçuların qeyri-qanuni yolla müəyyən olunmuş pul müqabilində ay ərzində kənara buraxma halları hələ də davam etməkdədir. Orduda kriminogen vəziyyətlə yanaşı, komandir və rəislər hərbi xidmətə çağırılan hərbi qulluqçuların sağlamlığına yenə də son dərəcə biganə yanaşırlar.

Ermənistan mediası isə xidmət zamanı intihar edən, qaçan hərbçilərin ailələrinə təzyiq olunduğunu bildirir. Ölənlərə aid qeydiyyat kitabçaları, şəxsi gündəliklərin yoxa çıxması da adi hala çevrilib. Hesab edilir ki, hakimiyyəti bu addımı atmağa Ermənistan ordusu haqqında bir çox həqiqətlərin üzə çıxa bilmək xofu vadar edir. Rəhbərlik orduya korrupsiya mənbəyi kimi baxdığından hərbi qulluqçuların nizam-intizamı, mənəvi-psixoloji, maddi və fiziki vəziyyəti ötən illərə nisbətən daha da pisləşir.

Bütün bunların fonunda Azərbaycan əsgərinin yüksək mənəvi hazırlığı, döyüş ruhu, zəbt olunmuş ərazilərdən düşməni hər an qovmaq üçün qisas hissi ilə alışıb yanması işğalçı Ermənistanı qorxuya salıb. Artıq ermənilər yaxşı bilirlər ki, bu gün Ermənistan ilə Azərbaycan arasında həm hərbi, həm iqtisadi, həm bütün başqa sahələrdə fərq çox böyükdür. Azərbaycanın Silahlı Qüvvələri durmadan inkişaf etdiyi halda Ermənistanda bunun tam əksi müşahidə olunur. Məsələn, Ermənistanda demoqrafik vəziyyətin pisləşməsi ordunun şəxsi heyətlə təminatı baxımından artıq ciddi problemə çevrilib.

Vəziyyətin getdikcə acınacaqlı xarakter aldığını etiraf edən ekspertlər bildirib ki, təcili olaraq orduya çağırış üçün müəyyən olunan yaş həddi maksimum qaldırılmalıdır, hərbi xidmətdən yayınanların sayı azaldılmalıdır. İndiki vəziyyət isə bu il də daxil olmaqla ən azı 2026-cı ilə qədər orduda çağırışçılarla bağlı ciddi problemlərin yaşanacağını göstərir. Çağırışçıların sayının azlığı ordunun şəxsi heyətlə təminatında böyük çətinliklər yaradacaq.

 

Elçin CƏFƏROV

"Azərbaycan”

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: