Avropa İttifaqının 2021-2027 illər üzrə 1,074 trilyon avroluq büdcə planı və qurumun iqtisadiyyatın 750 milyard avroluq bərpa fonduna dair sammiti iyulun 18-də məhdud heyətdə məsləhətləşmələrlə bərpa olunacaq.
NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə açıqlama ilə Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin mətbuat katibi Barend Leyts çıxış edib.
“Sammitin ikinci günü Avropa İttifaqı Şurasının sədri Şarl Mişel, Almaniya kansleri Angela Merkel, Fransa Prezidenti Emmanuel Makron və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen arasında məhdud çərçivədə müzakirələr başlayıb”, - deyə Barend Leyts bildirib.
Bu ərəfədə 13 saatlıq danışıqlardan sonra Avropa ittifaqı liderləri nə Avropa İttifaqının 7 illik büdcəsi, nə də pandemiyadan sonra iqtisadiyyatın bərpa fondu barədə danışıqlarda irəliləyişə nail ola bilməyiblər.
Brüsseldəki diplomatik mənbənin məlumatına görə, əsas fikir ayrılığı Niderland, Avstriya, həmçinin Şimali Avropanın bəzi ölkələri və İtaliya başda olmaqla pandemiyanın ən çox zərər vurduğu cənub bloku arasında yaranıb. Şimal dövlətləri fonddan daha sərt şərtlərlə və nəzarətlə vəsait ayrılmasında israr edirlər.