İyulun 24-də İstanbulda Ayasofya məbədi 86 ildən sonra ilk cümə namazı ilə məscid olaraq ibadətə açılır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bununla əlaqədar bir neçə gün əvvəldən hazırlıqlar aparılıb. Ölkənin müxtəlif bölgələrində yaşayan vətəndaşlar açılış mərasimində iştirak etmək üçün İstanbula axın ediblər. Şəhərin Ayasofyaya yaxın 21 məscidi buraya gələn ziyarətçilərə xidmət göstərmək üçün gecə boyu açıq olub.
Məscidin xalçaları ölkənin Manisa vilayətində yerləşən "Özkul" xalı fabrikasında hazırlanıb. Toxuma işlərində üç növbə olmaqla 75 işçi iştirak edib.
Açılış zamanı Türkiyənin Qızıl Aypara Cəmiyyəti tərəfindən yeni növ koronavirusdan qorunmaq üçün ziyarətçilərə maska, dezinfeksiyaedici vasitələr, həmçinin su və qida məhsulları paylanacaq.
Qeyd edək ki, Ayasofya 1985-ci ildə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib.