Korrupsiya Ermənistanın çöküşünü sürətləndirir
Başda Paşinyan olmaqla erməni məmurlar üçün yeganə məqsəd mümkün qədər çox varidat əldə etməkdır
Ermənistanın sosial-iqtisadi sahədə üzləşdiyi problemlərin miqyası koronavirus pandemiyası fonunda daha da artmaqdadır. Artıq bu ölkənin özündə də açıq etiraf edilir ki, hadisələrin real gedişi Ermənistanın bir dövlət olaraq tarixin arxivinə qovuşmasını şərtləndirir. O da xüsusi olaraq vurğulanır ki, Paşinyan iqtidarı mövcud problemlərin həlli üçün hər hansı konsepsiya va ya tədbirlər planına malik deyil. Baş nazir yalnız öz şəxsi mənafelərini güdməkdə, istənilən qanunsuz yolla daha çox varidat toplamaq barədə düşünür. Ermənistanın "İravnyuk” qəzeti yazır ki, məhz elə bu səbəbdən həddən artıq kasıb olan, əhalisinin böyük hissəsi ifrat yoxsulluq həddində yaşayan bu kiçik ölkədə sürətli inkişaf mərhələsi yaşayan yeganə sahə korrupsiyadır.
Qeyd olunur ki, korrupsiya Ermənistanın bütün həyat sferalarında kifayət qədər dərin kök salıb və artıq ölkənin milli təhlükəsizliyinə də böyük təhdid yaradır. Belə vəziyyət sadə vətəndaşların mövcud hakimiyyətdən duyduğu narazılığın daha kəskin xarakter almasına, hətta sosial partlayış həddinə qədər yüksəlməsinə gətirib çıxarır. Bütün məmur ordusu korrupsiya piramidasında yer aldığından bu problemə qarşı mübarizə yalnız kağız üzərindədir və vaxtaşırı verilən quru vədlərdən ibarətdir. Korrupsiyaya qarşı strategiya hazırlansa da, təbliğat kampaniyaları aparılsa da, məmur oliqopoliyası reallıqda bu problemə qarşı hər hansı mübarizənin aparılmasına imkan vermir, əksinə daha çox var-dövlət toplamaq üçün istənilən qanunsuzluğa yol verməkdən çəkinmir. Nəticədə ölkə həyatının ən müxtəlif sahələrində korrupsiya, rüşvətxorluq daha dərin kök salır, böyük sürətlə çiçəklənir. Məsələn, indi dövlət səviyyəsində açıq etiraf olunur ki, təkcə vergi sistemində korrupsioner, rüşvətxor məmurların sayı minlərlədir.
Ermənistan parlamentində təmsil olunan "Mənim addımım” blokundan olan deputatlar da korrupsionerlər ordusunun ön sıralarında yer alanlardandır. Paşinyanın hakimiyyətə gəlməsindən iki il müddət ötməsinə baxmayaraq ötən dövr ərzində deputat mandatı alanların böyük əksəriyyəti ölkənin tanınmış biznesmenləri sayılır, onlardan bir çoxu hətta konkret sahələr üzrə ən iri inhisarçılardır.
Korrupsiya və rüşvətin tüğyan etdiyi sahələr sırasında silahlı qüvvələr, o cümlədən ordu xüsusilə fərqlənir. "Qraparak” qəzetinin bununla bağlı yaydığı sənədlərdə hətta Müdafiə Nazirliyində hərbi çağırışlar zamanı alınan rüşvətlər, onların kimə çatması, rüşvətin zonalar üzrə təsnifatı əks olunur. Belə məlum olur ki, müdafıə naziri David Tonoyan təkcə hərbi çağırışlar zamanı milyonlarla dollar gəlir əldə edir. Həmçinin orduya ayrılan vəsaitin böyük hissəsi də təyinatı üzrə xərclənməyərək Tonoyan və baş qərargah rəisi tərəfindən mənimsənilir. Hər iki şəxs isə baş nazir Paşinyanın ən yaxın adamları sırasında yer alır. Yayılan məlumatlara görə, mənimsənilən pulların böyük hissəsi məhz Paşinyana çatır.
"Qraparak” qəzeti yazır ki, elə bu səbəbdən Müdafiə Nazirliyində korrupsiyaya qarşı mübarizə son vaxtlar da David Tonoyandan yan keçir. Qəzet daha sonra belə bir maraqlı məqama diqqət çəkir: "Ümumiyyətlə, burada kim özündən yüksək rəhbərliyə daha az pul verirsə, böyük miqdarda vəsait toplamağı bacarmırsa, hədəfə götürülür. İri korrupsionerlərə isə bir qayda olaraq toxunulmur”.
Ermənistan hüquq-mühafizə orqanları rüşvət və korrupsiyanın miqyasına görə seçilənlər cərgəsindədir. "4rd.arm” saytı yazır ki, bu orqanlar hüquqların mühafizə olunmasından başqa hər işlə məşğuldurlar. Məsələn, Ermənistan polisinin rəisi qonşu Gürcüstana metal boruların ixracı ilə məşğuldur. Ermənistan daxilində də onun kifayət qədər biznes obyektləri mövcuddur.
Müxtəlif təşkilatlar tərəfindən Ermənistanda aparılan sorğular göstərir ki, son illər ölkədə korrupsiyanın miqyası xeyli artıb. Rəyi soruşulanların əksəriyyəti bütün məmurların istisnasız olaraq rüşvət və korrupsiyaya qurşandığını düşünür. Ermənistanda daha çox korrupsiyalaşmış sahələr kimi təhsil, səhiyyə, ordu, polis və məhkəmə sistemləri göstərilir.
"Lragir” saytı yazır ki, hakimiyyət dəyişikliyindən sonra Ermənistanda dövlət idarəetmə sisteminin hələ də formalaşmaması bu problemlərin yaranmasına gətirib çıxarır. O qeyd edir ki, Paşinyan iqtidarındakı insanlar milli, dövlət və ərazi maraqları ilə yanaşı, vətəndaşların mənafeyini heçə sayır: "Başda baş nazir olmaqla bu insanlar üçün yeganə məqsəd mümkün qədər çox pul qazanmaq, varidat əldə etməkdır”.
İndi Ermənistanda belə bir fikir hakimdir ki, korrupsiya tam şəkildə ölkənin maddi və mənəvi həyatına daxil olaraq hər şeyi amansızcasına məhv edir. O da bildirilir ki, dövlət xəzinəsinin talan edilməsi, əmlakın, xaricdən alınan kreditlərin mənimsənilməsi fonunda miqrasiya və yoxsulluq səviyyəsi də durmadan yüksəlir, iqtisadiyyat böyük sürətlə tənəzzülə uğrayır. Həllini tapmayan sosial problemlərin miqyası daha da genişlənir.
Sözügedən kontekstdə daha bir ciddi problem də ölkənin artıq 8 milyard ABŞ dollara çatan xarici borcu ilə bağlıdır. Belə vəziyyətdə büdcədən əhaliyə daha az pul ayrılması qaçılmaz olacaq və bu da Ermənistanda sosial-iqtisadi problemlərin daha geniş miqyas almasına səbəb olacaq.
Beləliklə, qeyd edilənlər Ermənistanın üzləşdiyi ümumi böhranın daha da dərinləşəcəyindən xəbər verir və işğalçı ölkənin indi daha böyük sürətlə öz məhvinə doğru sürükləndiyini göstərir.
Elçin Cəfərov
"Azərbaycan”