"Twitter" sosial şəbəkəsinin rəhbərliyi haker hücumunun araşdırılması zamanı təhlükəsizliyin təmin edilməsi üzrə tədbirləri gücləndirib.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə sosial şəbəkənin saytında yerləşdirilən məlumatda deyilir.
Məlumatda bildirilir: "Hücumdan sonra araşdırmalar zamanı hesabların təhlükəsizliyini təmin etmək üçün daxili alətlərimizə və sistemlərimizə girişi əhəmiyyətli dərəcədə azaltdıq".
Qeyd edilir ki, "Twitter"in bəzi funksiyaları müvəqqəti bağlanıb, hesabların məlumatlarını yükləmək imkanı məhdudlaşdırılıb.
Bildirilir ki, haker hücumuna 130 hesab məruz qalıb, onlardan 45-ni hakerlər paylaşımlar etmək üçün istifadə edə biliblər, 36 hesabın şəxsi yazışmalarını əldə ediblər, 7 hesabın isə şəxsi məlumatlarını yükləyə biliblər.
Xatırladaq ki, iyulun 15-i bir sıra tanınmış şirkət və şəxslərin, o cümlədən "Apple" və "Uber" şirkətlərinin, "Tesla" və "SpaceX" şirkətlərinin rəhbəri İlon Maskın, "Microsoft" korporasiyasının banisi Bill Qeytsin, Amazon şirkətinin rəhbəri və dünyanın ən varlı insanı Ceff Bezosun, "Berkshire Hathaway" investisiya fondunun rəhbəri Uorren Baffetin, ABŞ-ın sabiq prezidenti Barak Obamanın, ABŞ-ın sabiq vitse-prezidenti Cozef Baydenin "Twitter"dəki hesabları haker hücumuna məruz qalıb.