Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun mənşəyi və ilkin yayılma ərazisi barədə əsaslı araşdırmalara ehtiyac olduğunu deyib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ÜST-ün fövqəladə hallar proqramının icraçı direktoru Maykl Rayan bu barədə danışıb.
O bildirib ki, virusun Uxanda və ya başqa yerdə heyvandan insana keçməsini müəyyən etmək üçün müfəssəl tədqiqatlara ehtiyac var. Dünyada ilk dəfə Çinin bu şəhərində yeni növ ağciyər xəstəliyi ilə bağlı həyəcan siqnalı çalınmasına baxmayaraq, heç də o anlama gəlməməlidir ki, bu şəhər ilk yayılma baş verən məkandır.
M. Rayan qeyd edib ki, bu virusa yoluxan ilk şəxslər müəyyən edildiyi halda heyvan mənşəyini araşdırmaq mümkün ola bilər. O, bu prosesin özünü belə samanlıqda iynə axtarmağa bənzədib. Çinli həmkarları ilə birgə çalışan ÜST mütəxəssisləri müvafiq araşdırmaları aparıblar və bu araşdırmalar ÜST-ün rəhbərlik etdiyi beynəlxalq qrupun fəaliyyəti üçün əsas olacaq. Həmin qrup Çində virusun mənşəyi ilə bağlı bütün suallara aydınlıq gətirməli və araşdırmalar aparmalıdır.