Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi ölkəsində qeyd olunan Kəşmirin blokada günü ilə əlaqədar Senatın xüsusi sessiyasında urdu dilində çıxış edərək, Hindistanın nəzarətində olan Cammu və Kəşmir bölgələrinin əhalisinin ötən bir ildə fundamental insan hüquqlarından məhrum edildiyini, dünyanın orada baş verən hadisələri görməli olduğunu söyləyib.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, A.Alvi bölgədəki hadisələrin soyqırımına doğru inkişaf etdiyini vurğulayıb, misal olaraq Dağlıq Qarabağda və Bosniyada törədilən soyqırımlara toxunub. O, Dağlıq Qarabağda da əvvəlcə təcrid siyasətinin aparıldığını, sonra soyqırımının həyata keçirildiyi, sonda isə bölgənin demoqrafik vəziyyətinin dəyişdirildiyini diqqətə çatdırıb.
Pakistan Prezidenti çıxışında kəşmirlilərə verdikləri dəstəyə görə BMT-nin Baş katibinə, Azərbaycan, Türkiyə, Çin, Malayziya və İrana minnətdarlığını ifadə edib.