ABŞ-ın “Forbes” jurnalı “TikTok” sosial şəbəkəsinin köməyilə son bir ildə daha çox gəlir əldə edən istifadəçilərin siyahısını tərtib edib.
NUHÇIXAN İnformasiya Agentliyi TASS informasiya agentliyinə istinadla xəbər verir ki, siyahıya ABŞ və Kanadanın 7 gənc sakini daxildir. Onların hamısı sosial şəbəkədə əyləncəli xarakterdə, əsasən də rəqs olan qısa videolar yerləşdirirlər. Birinci yeri Luizana ştatından (ABŞ) 19 yaşlı Edison Rey İsterlinq tutub. O, iyunun 30-dək 12 ay ərzində “TikTok”un köməyilə təqribən 5 milyon dollar qazanıb. İsterlinqin 54 milyondan çox abunəçisi var. İkinci və üçüncü yerdə müvafiq olaraq Çarli və Diksi D`Amelio bacıları (Los-Anceles, Kaliforniya ştatı) gəlir. Onlardan birincisi 12 ay ərzində 4 milyon, ikincisi 2,9 milyon dollar qazanıb.
Pensilvaniya ştatından müğənni Loren Qreyin gəliri 2,6 milyon dollar olub. Beşinci yeri Kanadadan Coş Riçards (1,5 milyon dollar) tutub. Altıncı yeri ABŞ-da yaşayan Maykl Li və Spenser Nayt bölüşüb. Onların hər biri 1,2 milyon dollar qazanıb. Siyahıya hər hansı sahədə şöhrət tapdıqdan sonra sosial şəbəkə vasitəsilə pul qazanmış şəxslərin adları daxil edilməyib.