İyunun 24-də Türkiyədə keçirilən növbədənkənar prezident və 27-ci çağırış parlament seçkilərinin son nəticələri açıqlanıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyənin Ali Seçki Komissiyasının sədri Sədi Güvən açıqlama verib. O bildirib ki, ölkə üzrə 13 vilayətdən səsverməyə dair şikayətlərə baxılıb.
Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın isə məlumat verərək deyib ki, iyulun 9-da Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində (TBMM) and içəcək. Parlamentdə Prezidentlik vəsiqəsi Rəcəb Tayyib Ərdoğana təqdim olunacaq.
Sonra Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə hökumətinin ilk iclası keçiriləcək.
Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarını - Anıtqəbri ziyarət edəcək.
İyulun 9-da xarici ölkələrin və Türkiyə rəsmilərinin iştirakı ilə ziyafət olacaq.
Qeyd edək ki, Türkiyənin “Resmi qazete”si ölkədə həyata keçirilən dövlət idarəetmə islahatları ilə bağlı yaranmış yeni sistemə dair rəsmi məlumatı dərc edib. Yeni sistem iyulun 9-dan qüvvəyə minəcək.