Daha üç ölkə BMT-nin Nüvə Silahının Ləğvi Barədə Müqaviləsini ratifikasiya edib. Bundan sonra müqavilənin tam qüvvəyə minməsi üçün onun daha yeddi ölkə tərəfindən ratifikasiya olunmasına ehtiyac var.
NUHÇIXAN İnformasiya Agentliyi Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, İrlandiya, Nigeriya və kiçik ada dövləti olan Nieu avqustun 6-da - Yaponiyanın Xirosima şəhərinə atom bombası atılmasının 75-ci ildönümü günü sənədlərini müqavilənin ratifikasiya olunması üçün təqdim ediblər.
İrlandiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Brayan Flin deyib: “Nüvə silahına malik olan ölkələr arasında geopolitik rəqabətin güclənməsi, nüvə silahının təsadüfən və ya müvafiq hesablamaya görə istifadəsi riskini yolverilməz dərəcədə artırıb”.
Xatırladaq ki, həmin müqavilə BMT tərəfindən 2017-ci ildə qəbul edilib. Sənəddə nüvə silahı ilə bağlı istənilən fəaliyyəti qadağan edən hərtərəfli tədbirlər əksini tapıb. Müqavilə nüvə silahının istənilən istifadəsini beynəlxalq humanitar qanunvericiliyin prinsip və qaydalarının pozulması kimi müəyyən edir. Müqavilənin qüvvəyə minməsi üçün o, 50 dövlət tərəfindən ratifikasiyasına olunmalıdır.
BMT Nüvə Silahının Ləğvi Barədə müqavilənin tezliklə qüvvəyə minməsini, həmçinin gələn il keçirilməsi planlaşdırılan Nüvə Silahının Yayılmaması Barədə Müqavilənin müzakirəsinə həsr olunacaq konfransı nüvə silahının ləğvi istiqamətində hərəkata təkan verəcək mühüm impuls kimi yüksək qiymətləndirir.