Türkiyədə keçirilən toy, nişan və nikah məclislərində koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar yoxlama-nəzarət aparılacaq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Türkiyənin Daxili İşlər Nazirliyi ölkənin bütün valiliklərinə bununla bağlı təlimat göndərib. Təlimatda bildirilir ki, yoxlama-nəzarət tədbirlərində məqsəd koronavirusla əlaqədar sosial həyat üçün müəyyən edilən məhdudiyyətlərə necə əməl olunmasını öyrənməkdir. Yoxlama-nəzarətlərin nəticələrinə uyğun olaraq məhdudiyyətlərlə bağlı təkliflər hazırlanacaq.
Qeyd edək ki, hazırda Türkiyənin 32 vilayətində 37-si kənd olmaqla, ümumilikdə 83 yaşayış məntəqəsi yeni növ koronavirusa qarşı qabaqlayıcı tədbirlər çərçivəsində karantinə alınıb. Ekspertlər gündəlik aşkar edilən yoluxma sayındakı artımı kütləvi tədbirlərdə qaydalara əməl edilməməsi ilə əlaqələndirirlər. O cümlədən yallı tutmaq xəstəliyin əsas yayılma mənbələrindən hesab edilir. Risklərin çox olduğunu nəzərə alaraq, bəzi şəhərlərdə əsgərlərin yolasalma mərasimlərinin keçirilməsinə də qadağalar qoyulub.