Paşinyan Ermənistanı oğru qaydaları ilə idarə edir

İşğalçı ölkədə hakimiyyətə qarşı narazılıqların miqyası daha da genişlənir

A- A A+

İki il əvvəl Ermənistanda hakimiyyəti ələ keçirmiş baş nazir Nikol Paşinyan ötən müddət ərzində nəinki ölkə ictimaiyyətinin, hətta yaxın tərəfdarlarının da ümidlərini doğrulda bilmir.

Hökumət başçısının vaxtilə verdiyi vədlər söz olaraq qalır, ölkə iqtisadiyyatını irəli aparmaq üçün elə bir təsirli tədbir görülmür. Paşinyan indiki halda boşboğazlıqdan o tərəfə keçmir, xalq isə davam edən siyasi kataklizmləri müşahidə etmək məcburiyyətində qalır.

Ermənistanda pandemiya fonunda hökm sürən ağır iqtisadi vəziyyət hər keçən gün narazılıqları artırır. Belə etirazlardan biri də bu günlərdə Ermənistanın Amulsar bölgəsində keçirilib. Aksiya zamanı polislə iştirakçılar arasında toqquşma yaranıb. Dinc nümayişçiləri dağıtmaq üçün əraziyə çoxlu sayda polis əməkdaşları cəlb olunub. Buna baxmayaraq, sakinlər aksiyanı davam etdirəcəklərini bildiriblər.

Aksiyaya qatılanlar mədənin fəaliyyətinin dayandırılmasını və Nazirlər Kabinetindən Ermənistanın iqtisadi siyasətinə yenidən baxmağı tələb edirlər. Etirazçılar bəyan edirlər ki, "məxməri inqilab”da Paşinyanla "çiyin-çiyinə savaşıblar” və indi Paşinyan onların problemini həll etməlidir. Aksiyaçıların fikrincə, bu, təkcə iqtisadi yox, həm də etimad məsələsidir. Onlar hesab edirlər ki, əgər Paşinyan Amulsar dağ mədənini bağlamasa və məsələ ilə bağlı təcili tədbirlər görməsə, aprel inqilabının ideallarını zədələmiş, onu vəzifəyə gətirən əhalinin isə etimadını birdəfəlik itirmiş olacaq. Çünki ötən müddət ərzində Paşinyan bu istiqamətdə hansısa addım atmayıb.

Xatırladaq ki, Ermənistanda uzun müddətdir davam edən böhran ucqar kəndlərdə yaşayışı dözülməz edib. Xaçik kəndinin sakinləri də iqtisadi tənəzzülün qurbanına çevriliblər. Sakinlərin sözlərinə görə, kredit təşkilatından birinə külli miqdarda borcları yaranıb. Üç ilə yaxındır ki, götürdükləri pulu qaytara bilməyən kəndlilər çıxış yolunu hökumətə müraciətdə görüblər. Vayotsdzor vilayətinin sakinləri dəfələrlə qubernatorluq binasının qarşısında toplaşıb ağır duruma düşdüklərinə görə etirazlarını bildiriblər. Etirazçılar deyirlər ki, ətraf kəndlərdəki yüzlərlə ailə çörəksiz qalıb. Ərazidəki Amulsar qızıl mədənində çalışanlar sabit əməkhaqqına ümid edərək kredit götürüblər və indi çıxılmaz vəziyyətə düşüblər. Ermənistandakı ekoloji təşkilatlar isə xəbərdarlıq ediblər ki, Amulsar dağ mədəninin istismarı ciddi və qarşısıalınmaz ekoloji fəsadlara gətirib çıxara bilər. Bu səbəbdən də Cermuk şəhəri və ona yaxın kəndlərin sakinləri qeyd olunan məqamla bağlı vaxtaşırı aksiya keçirərək şəhərdən 13 kilometr aralıda yerləşən Amulsar dağ mədəninə gedən bütün yolları bağlayırlar.

"4rd.am” portalı isə yazır ki, xalq artıq yeni hakimiyyət tərəfindən müəyyənləşdirilən oğru qaydaları ilə yaşamağa öyrəşib. Bu perspektivlə razılaşmayanlar Ermənistanı tərk edirlər. Kimlərsə Rusiyaya, kimlərsə ABŞ-a, kimlərsə Avropaya üz tuturlar. Belələrinin sayı artıq yüz minlərlə ölçülür. Amma bu, Paşinyan hakimiyyətini narahat etmir. Onlar hesab edirlər ki, ölkədə nə qədər az sayda əhali yaşasa, problem də bir o qədər az olar və hakimiyyətlərinə az təhlükə yaranar.

Bildirilir ki, Ermənistan kimi ölkədə yaşamaq istəyirsənsə, kriminal sistem tərəfindən yaradılan qaydalara uyğunlaşmalısan: "Ermənistanda qarnı tox və yaxşı həyat yaşamaq üçün kriminal keçmişi və oğru dünyası ilə əlaqəsi olanlar tərəfindən müəyyən edilən qaydalara uyğun yaşamalısan. Ermənistanda insanlar qanunlarla deyil, xüsusi şəkildə müəyyənləşdirilən qaydalarla yaşayır. Bu gün Ermənistanda elmi fəaliyyətlə məşğul olub, sonradan oğru aləmində ad salan insanlar var. Siz də yaxşı bilirsiniz ki, onlar kimlərdir. Axı elmlə məşğul olmaq onun nəyinə lazımdır? Elmi fəaliyyətlə məşğul olub sonda da bizim ölkədə elmə, alimlərə verilən qəpik-quruşlamı kifayətlənsin? Məsələn, axı indi kultrologiya ilə, mənəvi-əxlaqi dəyərlərlə bağlı araşdırma aparmaq Ermənistanda kimə lazımdır? Heç kimə. Əvəzində Ermənistanda "qanuni oğru” olmağın böyük perspektivi var. Onları sayır və hörmət edirlər. Onlar Ermənistanda həyatın sahibidirlər. Onlar Ermənistanda özləri üçün qanun yaradırlar, özləri üçün polis saxlayırlar ki, xalqdan və onun problemlərindən özlərini qorusunlar. Məhkəmələr də onlara sərf edən qərarlar qəbul edir”.

Qeyd olunur ki, bütün gəlirlər dövlətin büdcəsinə yox, şəxsi ciblərə gedir. Beləliklə, belələri özlərinin kölgə büdcəsinə sahibdirlər. Onların "obşak” adlandırdıqları büdcələrindəki vəsait Ermənistanın dövlət büdcəsindən çoxdur. Onsuz da onlar dövlətin büdcəsinə şəxsi "obşakları” kimi yanaşırlar. Bu cür hal Ermənistanın gələcəyi üçün böyük fəlakətdir: "Məgər bu hal ölkəni idarə edənlərə maraqlıdırmı? Kriminal dünyanın qanunları ilə yaşamağa öyrəşənlər üçün bu hal heç bir narahatlıq yaratmır. Onlar qorxurlar ki, çatdırıb oğurlayıb qurtara bilməzlər. Bu şəxslər topladıqları var-dövləti Ermənistanda deyil, ölkə xaricində saxlamağa üstünlük verirlər. Elə həmin ölkələrdə daşınmaz əmlaka sahib olurlar. Belə daha etibarlıdır. Çünki oğurladıqlarını geri istəyəndə xaricdəkiləri qaytarmaq bir qədər çətin olacaq”.

Beləliklə, Paşinyan arzuolunmaz vəziyyətə düşüb. Nə ölkənin problemlərini həll edə bilir, nə də normal idarəçiliklə məşğul ola bilir. Buna görə onun və başçılıq etdiyi hökumətin taleyi böyük sual altındadır.

 

Elçin Cəfərov

"Azərbaycan”

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: