Paşinyan Ermənistanı səfillər ölkəsinə çevirib
İqtisadi vəziyyətin ağırlaşması miqrasiyanı daha da sürətləndirib
Son illərin sosial-iqtisadi mənzərəsinin təhlili Ermənistanda tənəzzülün artıq davamlı xarakter aldığını göstərir. Paşinyan iqtidarının yarıtmaz siyasəti pandemiya fonunda Ermənistanda iqtisadi böhranın daha da dərinləşməsinə gətirib çıxarır, xalqın hakimiyyətdən narazılığını günbəgün artırır.
Bu mənada son günlər hakimiyyət nümayəndələrinin populist çıxışları inandırıcı görünmür. Əksinə, hesab edilir ki, baş verənlər siyasi rəhbərliyin mövqeyinin zəifləməsinə, korrupsiya mexanizminin genişlənməsinə dəlalət edir.
Ermənistanda koronavirus pandemiyası səbəbindən getdikcə ağırlaşan vəziyyət hakimiyyət üçün əlavə problemlərə yol açmaqdadır. Bildirilir ki, Ermənistan iqtisadiyyatı pandemiyanın təsiri altında turizm gəlirlərindən məhrum olub, aşağı qiymətlərə görə dağ-mədən sənayesi xammalı ixracının və emiqrantların pul köçürmələrinin azalmasından boğulur.
Ermənistan iqtisadi tənəzzülün qarşısını almaq, xüsusilə də büdcə kəsirini bağlamaq və xarici ödənişlərini etmək üçün Beynəlxalq Valyuta Fondundan Stand-By krediti almaq məcburiyyətində qalıb. Kredit xətti Ermənistanın Beynəlxalq Valyuta Fondunda (BVF) olan 128 milyon SDR kvotasının 100 faizi həddindədir. COVID-19-a yoluxma səviyyəsinə görə dünyada ən pis vəziyyətdə olan ölkələrdən sayılan Ermənistanın fiskal kəsiri bu il ÜDM-in 5 faizinə, borc yükü isə ÜDM-in 64,1 faizinə çatacaq.
Ermənistanda istehlakın iqtisadi artıma təsiri əsas kapitalın iqtisadi artıma təsirindən 11 dəfə və xalis ixracın iqtisadi artıma təsirindən isə 88 dəfə çoxdur. 2019-cu ildə Ermənistanda ev təsərrüfatlarına verilən kreditlər 32 faiz və xaricdən pul köçürmələri isə 1,5 faiz artıb. İstehlak əsaslı iqtisadi artım isə ölkənin milli və iqtisadi təhlükəsizliyini daim kənardan asılı vəziyyətə salır, iqtisadiyyatın immunitetini zəiflədir, erməni dramının volatilliyini yüksəldir və cəmiyyətdə qeyri-bərabərlik yaradır.
Bu gün rəsmi göstəricilərə əsasən, Ermənistanın hər 4 vətəndaşından biri yoxsulluq həddindən aşağıda yaşayır. "İravnuk” qəzeti yazır ki, aprel-iyul aylarında Ermənistan əmək bazarı 22 mindən çox iş yerini itirib. Bunlardan təqribən 12000-ə yaxını aprel ayında bağlanıb, may ayında isə 9000-dək iş yeri açılmayıb. Bu, Paşinyanın söyləmək istəmədiyi həqiqətdir. Bunun əvəzinə, hökumət "taxtın süqutundan” sonra iqtisadiyyatın yenidən açılması barədə qərarın öz nəticəsini verdiyi barədə təsəvvür yaratmağa çalışır.
Bildirilir ki, Ermənistanda əksər ailələr uşaqlarını ağır şəraitdə böyüdürlər. Çünki ailənin üzvləri işsizdir. Onların ümidi yalnız cüzi pensiyayadır. Belə ağır şəraitdə yaşayan uşaqlar sağlam olmurlar. Uşaqların normal geyimləri olmadığı üçün məktəbə də gedə bilmirlər. Ailələrin aylıq gəliri 40 min dramı keçmir. Həmin məbləğ isə bir nəfərin yaşaması üçün belə kifayət deyil.
Vurğulanır ki, Ermənistanda belə ailələrin sayı gündən-günə artır. Son bir ildə yoxsulluq səviyyəsi kəskin şəkildə yüksəlib. Əhalinin 47 faizi ya evsizdir, ya da şəraitsiz mənzillərdə yaşayır. Hökumət isə bu problemlərin həllində acizdir. Ermənistanda tikinti sektorunda illərdir durğunluq hökm sürür.
Ermənistanda iqtisadi vəziyyətin ağırlaşması miqrasiyanı daha da sürətləndirəcək. İşğalçı ölkədə xalis miqrasiya dərəcəsi (immiqrantlarla emiqrantlar arasındakı fərq) hər min nəfərə mənfi işarə ilə 5,6-dır. Bu da Ermənistanda emiqrantların sayının immiqrantlardan hər 1000 nəfər üçün 5,6 dəfə çox olduğunu göstərir. Ermənistanda emiqrantların yaşı isə 15-65 arası dəyişir. Bu onu göstərir ki, həm gənclər, həm də yaşlılar üçün, yəni, daha geniş yaş spektrində olan vətəndaşlar üçün Ermənistanda yaşamaq və işləmək imkanları daha aşağıdır. Ermənistandan gedənlərə - emiqrantlara həm şəhər, həm də kənd yerlərində rast gəlinir. Digər bir fakt isə erməni emiqrantların daha çox qadın olmasıdır. Asiya İnkişaf Bankının araşdırmasına əsasən MDB ölkələri arasında yalnız Ermənistan bu göstərici ilə fərqlənir. Bu da faktiki olaraq ölkənin demoqrafik artımına mənfi təsir göstərir.
"4rd.am” saytı yazır ki, bu vəziyyət bir qədər də davam edərsə, Ermənistanda daha böyük iqtisadi böhran və miqrasiya dalğası yaşanacaq: "İlin əvvəlindən başlayaraq Ermənistan iqtisadiyyatı üçün risklər olacağı gözlənilirdi. Cari ilin may, iyun və iyul aylarında Rusiyadan Ermənistana olan pul transfertləri ötən ilin eyni dövrü ilə müqayisədə analoji olaraq 1,2, 6,4 və 3,9 faiz azalıb. Deməli, Ermənistan iqtisadiyyatını ağır aylar gözləyir. Pul transfertləri kəsilsə, ermənilər üçün yaşamaq ağır olacaq”.
Bütün bunlar ondan xəbər verir ki, Ermənistanı qarşıdakı dövrdə daha böyük böhran gözləyir.
Elçin Cəfərov
"Azərbaycan” qəzeti