“Facebook” kompaniyası “Instagram” sosial şəbəkəsi vasitəsilə 100 milyondan çox istifadəçinin biometrik məlumatlarını toplamaqda ittiham olunur.
NUHÇIXAN İnformasiya Agentliyi “Business Insider” nəşrinə istinadla xəbər verir ki, ittihamçıların iddiasına görə, “Instagram” sosial şəbəkəsi insan üzünü tanıya bilən alətdən istifadə edir və “üzün şablonunu” çıxararaq öz məlumat bazasında toplayır.
Güman edilir ki, sosial şəbəkə avtomatik olaraq fotoşəkillərdəki insan üzlərinin surətini çıxarır. Onların arasında hətta “Instagram”dan istifadə etməyən şəxslər də ola bilər.
“Facebook” kompaniyası “Instagram” istifadəçilərinin biometrik məlumatlarını toplayaraq onları öz məhsullarının, o cümlədən “Facebook” əlavəsinin üz tanıma imkanlarını yaxşılaşdırmaq üçün istifadə edir və bu məlumatları müxtəlif servislərdə paylaşır. Kompaniya bunun üçün İllinoys qanunlarının tələb etdiyi lazımi xəbərdarlıq və məlumatlandırmadan istifadə etmir”, - deyə iddia ərizəsində bildirilir.
İllinoys ştatının qanunvericiliyinə görə, “Facebook” hər qayda pozuntusuna görə 1-5 min dollar ödəməyə məcbur edilə bilər. Bu da ümumilikdə 500 milyard dollara yaxın vəsait deməkdir.
Kompaniyanın nümayəndəsi Stefani Otuey isə öz növbəsində iddiada təqdim olunan ittihamları rədd edir.
“İddia əsassızdır. “Instagram” üz tanıma texnologiyasından istifadə etmir”, - deyə o, vurğulayıb.