İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qadın İnkişaf Təşkilatının baş qərargahı Qahirədə yerləşəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Misirin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Misir XİN-in məlumatında bildirilir ki, yeni formalaşmağa başlayan təşkilatın statusunu daha bir ölkə - Kamerun da tanıyıb. Beləliklə, təşkilata qoşulmaq istəyən dövlətlərin sayı 15-ə çatıb. Eyni zamanda, Misirin bu təşəbbüsə liderlik etməsi onu göstərir ki, rəsmi Qahirə İslam ölkələrində qadın hüquqlarının müdafiəsi, onların məşğulluğuna, dövlət orqanları və hökumət strukturlarında təmsilçiliyinə böyük əhəmiyyət verir.
Həmçinin qeyd olunub ki, artıq kifayət qədər üzvü olan Qadın İnkişaf Təşkilatı İƏT-in himayəsində fəaliyyət göstərmək üçün tələb edilən kvoruma malikdir. “İƏT-ə üzv olan ölkələrdə qadın haqlarının qorunması və onların milli, beynəlxalq proseslərdə iştirakına mühüm məsələ kimi baxılır. Bu təşkilat, həmçinin müxtəlif sahələrdə əməkdaşlığa da öz töhfəsini verəcək”, - deyə Misir XİN-in məlumatında vurğulanıb.