Donald Tramp ABŞ ərazisində “TikTok” sosial şəbəkəsinin fəaliyyətini məhdudlaşdıran yeni fərman imzalayıb

A- A A+

ABŞ Prezidenti Donald Tramp “TikTok” sosial şəbəkəsinin sahibi olan “ByteDance” kompaniyasının “Musical.ly” musiqi servisini satın almaq üzrə sövdələşməsini qadağan edən yeni fərman imzalayıb.

NUHÇIXAN İnformasiya Agentliyi yerli KİV-lərə istinadla xəbər verir ki, ABŞ Prezidenti, həmçinin “TikTok” sosial şəbəkəsinin fəaliyyəti ilə bağlı ABŞ-dakı aktivlərdən imtina etmək və amerikalı istifadəçilərin şəxsi məlumatlarını hökumət orqanlarına təhvil vermək üçün kompaniyaya 90 gün vaxt ayırıb.

“Əlimizdə olan dəqiq məlumatlar əsasında güman edirəm ki, “ByteDance” kompaniyası “Musical.ly” servisi vasitəsi ilə ABŞ-ın milli təhlükəsizliyinə təhdid yaradacaq fəaliyyətlər apara bilər”, - deyə fərmanda bildirilir.

Sənəddə qeyd olunur ki, “ByteDance” sövdələşmə nəticəsində özünün “TikTok” əlavəsini “Musical.ly” servisi ilə birləşdirərək vahid platforma qurub.

Fərmanda “ByteDance” və onun törəmə kompaniyalarından ABŞ-dakı aktivlərindən, həmçinin “TikTok” və ya “Musical.ly” vasitəsi ilə əldə etdikləri şəxsi məlumatlardan imtina etmək tələb olunur. Həmçinin “ByteDance” kompaniyası ABŞ-ın Xarici İnvestisiyalar üzrə Komitəsi qarşısında yazılı hesabat verməlidir.

Xatırladaq ki, bir müddət öncə ABŞ Prezidenti Donald Tramp sentyabrın 15-nə qədər “Microsoft” və ya digər Amerika kompaniyasına satılmayacağı təqdirdə “TikTok” əlavəsinin Birləşmiş Ştatlarda fəaliyyətini dayandıracağı ilə hədələyib. Həmçinin o, sosial şəbəkənin sahibi olan “ByteDance” kompaniyasını “TikTok” əlavəsindəki payından tam imtina etməyə çağırıb. ABŞ administrasiyası milyarda yaxın istifadəçisi olan sosial şəbəkənin Çin hökuməti ilə əlaqəsi olduğunu və Pekin üçün məlumat toplamaq məqsədilə istifadə edildiyini düşünür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: