Paşinyan dünya qarşısında rəzil oldu
BBC-nin "HARDTalk” proqramında rüsvay olan Ermənistan baş naziri siyasətçi kimi formalaşmadığını, təcrübəsiz və səriştəsiz olduğunu bir daha göstərdi
Azərbaycan qlobal informasiya savaşında dünya erməniliyini gücdən salmaqla, neytrallaşdırmaqla yanaşı, ötən dövr ərzində Ermənistanın siyasi rəhbərlərini, bu gün isə baş nazir Nikol Paşinyanın siyasi iflasını uğurla həyata keçirir. Prezident İlham Əliyev həmişə Ermənistan rəhbərliyini ifşa edib, onu rəzil hala salıb və dünya erməniliyinin əsl məkrli mahiyyətini danılmaz faktlarla açıqlayıb.
Bunun nəticəsidir ki, artıq Paşinyanın boş avantüralarına, ağa qara deməklə nağıllar uydurmasına heç kim inanmır. Hər dəfə beynəlxalq media resurslarında müsahibələri, tədbirlərdəki çıxışları yalan və saxtakarlığın klassik forması olmaqla yanaşı, özünü pis vəziyyətdə qoyması ilə yadda qalır. Bu günlərdə Ermənistanın baş naziri özünü növbəti dəfə BBC televiziyasının "HARDTalk” proqramında rüsvay edib.
Veriliş boyu məşhur teleaparıcı Stiven Sakurun obyektiv və faktlara əsaslanan sualları qarşısında aciz duruma düşən Paşinyan ənənəsinə sadiq qalaraq onlardan yayınıb, rabitəsiz cavablar verib və işğala haqq qazandırmağa çalışıb.
O cümlədən sınıq-salxaq ingiliscə danışığı lağ obyektinə çevrilib. Bir sözlə, müsahibəsi Paşinyanın hələ siyasətçi kimi formalaşmadığını, təcrübəsiz və səriştəsiz olduğunu göstərdi.
Stiven Sakurun "Artıq böyük ümidlərlə hakimiyyətə gəldiyiniz "böyük məxməri inqilab” adlanan inqilabdan iki il ötür. Mən bu gün Ermənistana baxanda görürəm ki, ermənilərin böyük əksəriyyətinin ümidləri puç olub. Səhv nədə oldu?” - sualına cavabında N.Paşinyan ənənəvi ampluasına sadiq qalaraq xəyal etdiyi, heç özünün də inanmadığı "nailiyyətlərdən”, adını da çəkmədiyi beynəlxalq reytinqlərdə qazanılan "uğurlardan” danışdı. Yəqin Paşinyan bu "nailiyyətlərdən” danışarkən öz ailəsinin korrupsiya yolu ilə əldə etdiyi sərvətləri, mülkləri nəzərdə tutur. Beynəlxalq ictimaiyyət yaxşı bilir ki, Ermənistanda insan hüquq və azadlıqları kobud şəkildə pozulur, jurnalistlər, siyasətçilər təqib və həbs olunur, ölkədə rüşvətxorluq, korrupsiya halları durmadan artır.
Stiven Sakur növbəti sualında "Sizin idarəetmənizdə bir çox insanların gözlədiyi kimi hər hansı bir dəyişiklik olmadı. Siz Azərbaycan ilə sülhə nail olmaq üçün hakimiyyətə gəldiniz. Lakin ötən ay biz yeni toqquşma, yeni münaqişə gördük” fikri ilə Paşinyanın da sələfləri kimi, işğalçı və faşist mahiyyətini bir daha ifşa etdi. Paşinyan özünün qeyri-səlis ingiliscəsi ilə bütün dünyaya məlum olan bu faktdan yayınmağa çalışdı. Aparıcı isə dərhal müdaxilə edərək bildirdi: "Cənab baş nazir, lakin fəaliyyət sözlərdən daha güclü səslənir. Biz iyulun ortalarında gördük ki, Ermənistan silahlı qüvvələri sərhəd boyunca kəndlərə atəş açır. Azərbaycana istinadla biz gördük ki, 76 yaşlı mülki vətəndaş qətlə yetirildi. Əlbəttə ki, bundan sonra daha da uzanan hərbi toqquşmaya gətirib çıxaran cavab atəşi açıldı. Bir daha qeyd etmək istəyirəm ki, sizin siyasətiniz sülhün bərqərar olması üçün hesablanmayıb”. Paşinyan yenə də bu suala cavab tapmır və kəkələyərək nəsə demək istəyir. Lakin hər zaman olduğu kimi, heç bir fakta, sənədə əsaslanmayan fikirlər səsləndirməklə nə qədər savadsız və məntiqsiz danışdığını nümayiş etdirir.
Maraqlıdır, jurnalist qarşısında belə aciz duruma düşən Paşinyan, görəsən dövlət və hökumət başçıları ilə ikitərəfli və çoxtərəfli danışıqlar formatında hansı biabırçı vəziyyətə düşür? Paşinyan etiraf edir ki, münaqişə başlanan zaman Dağlıq Qarabağ əhalisinin 18 faizi erməni olub. İstər Münhen konfransı çərçivəsində debat, istərsə də bu müsahibə onu göstərir ki, Paşinyan Prezident İlham Əliyevlə danışıqlarda tam aciz, tərksilah olunmuş, küncə sıxılmış durumda olur.
Stiven Sakur BMT Təhlükəsizlik Şurasının sənədlərinə istinad edərək açıq şəkildə Paşinyanı sülhməramlı olmamaqda, Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirməkdə, həmçinin işğal olunmuş torpaqlara qanunsuz səfərlərə görə ittiham etdi. Paşinyan bu dəfə də yalanlar silsiləsini davam etdirərək faktlardan yayınmağa, işğalçı mahiyyətini ört-basdır etməyə çalışdı. Aparıcı daha sonra Ermənistandan Dağlıq Qarabağa yol çəkilməsi planı barədə danışdı, Avropa Parlamentinin Cənubi Qafqaz üzrə məruzəçilərinin bununla bağlı etiraz bəyanatını xatırlatdı.
Bəlkə elə həm də buna görədir ki, bir daha görüşlərdə Azərbaycan Prezidenti ilə üz-üzə gəlib stress yaşamamaq üçün Paşinyan hər vəchlə təxribatlara gedərək danışıqları pozmağa çalışır. Paşinyanın strategiyasında mənalı sülh elementinin olmadığını açıq şəkildə ifadə edən aparıcı baş nazirin əvvəlki sələfləri kimi göründüyünü, onlardan fərqlənmədiyini vurğuladı. Ardınca isə Ermənistan silahlı qüvvələrinin 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində Azərbaycan xalqına qarşı törətdiyi cinayətləri xatırlatdı və Paşinyana "bunları etiraf etməyə və Azərbaycan xalqından üzr istəməyə hazırsınızmı” sualını verdi. Lakin Stiven Sakur dəfələrlə sualı təkrarlasa da, Paşinyandan dürüst cavab ala bilmədi: "Mən, sadəcə, erməni hərbçiləri tərəfindən törədilən cinayətlərə görə məsuliyyəti öz üzərinizə götürməyə və üzr istəməyə hazır olub-olmadığınızı bilmək istəyirəm. Bu, çox sadədir: Bəli və ya xeyr?”. Əlbəttə ki, baş nazirin özündə cəsarət tapıb Azərbaycan xalqından üzr istəyəcəyini düşünmək sadəlövhlük olardı.
Daha sonra isə BBC-nin aparıcısı qeyd edib: "Mənə sadəcə maraqlıdır. Hiss edirsinizmi ki, koronavirus pandemiyası (COVID-19) ilə bağlı sizin hökumətinizə olan müəyyən diqqəti və təzyiqi azaltmaq, aradan qaldırmaq üçün hazırda sizə Dağlıq Qarabağda Azərbaycanla olan gərginliyi artırmaq faydalıdır? Çünki səmimi olsaq, sizin hökumətinizin pandemiya ilə mübarizəsinə baxsaq, bunu uğur adlandırmaq olmaz. Bu, sizin hökumətiniz üçün fiasko idi”.
Beləliklə, sualların xarakteri bir daha onu göstərdi ki, artıq Qərb də həm Ermənistanda mürəkkəb və ziddiyyətli daxili proseslər, antidemokratiya, həm də Ermənistan -Azərbaycan münaqişəsinin həllində sələflərinin mövqeyini davam etdirdiyinə görə Paşinyandan üz döndərir.
Elçin CƏFƏROV
"Azərbaycan”