NUHÇIXAN İnformasiya Agentliyi computerworld.ru saytına istinadən xəbər verir ki, “Nokia” markalı smartfonlar buraxan “HMD Global” şirkəti beşinci nəsil mobil rabitə şəbəkəsini dəstəkləyən qurğuların hazırlanması üçün investisiyalar cəlb edib. Maliyyələşmə raundunda digər şirkətlərlə yanaşı, “Google”, “Qualcomm” və “Nokia Technologies” iştirak edib. İnvestisiyaların ümumi məbləği 230 milyon dollar təşkil edir. Bu, “HMD” şirkətinin təsis edildiyi 2016-cı ildən bəri ən uğurlu maliyyələşmə raundudur.
“HMD” smartfonları “Android One” əməliyyat sisteminin – “Google” şirkətinin modifikasiya etmədən buraxdığı versiyanın idarəetməsi ilə işləyir. Eyni sistem “Google Pixel” smartfonlarına da quraşdırılır. Təhlükəsizlik yeniləmələri sistemin buraxılış tarixindən üç il ərzində, sistem yeniləməsi isə iki il ərzində göndərilir.
“5G” rabitəsini dəstəkləyən ilk “HMD” smartfonu – “Nokia 8.3 5G” sentyabrda satışa çıxarılacaq. Şirkət nümayəndələrinin sözlərinə görə, investisiyalar “5G” dəstəkli ucuz smartfonların hazırlanmasını sürətləndirməyə kömək edəcək. Bundan başqa, “HMD” ənənəvi ucuz telefonların buraxılışıni davam etdirmək və Afrika ölkələri, Hindistan və Braziliya mobil rabitə operatorları ilə əməkdaşlığı möhkəmləndirmək niyyətindədir. “COVID-19” pandemiyası satış həcminə təsir göstərsə də, “HMD” nümayəndələri qeyd edir ki, may-iyunda tələbat bərpa edilib və artıq iyunda şirkət qazanc əldə etməyə başlayıb.