Yaponiya şirkətləri hazırda COVID-19 virusuna qarşı dörd peyvəndin preklinik sınaqlarını keçirilər.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə avqustun 18-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Qərbi-Sakit okean regionu üzrə nümayəndəsi, doktor Sokorro Eskalante onlayn mətbuat konfransı zamanı məlumat verib.
“Hazırda Yaponiyada yalnız bir peyvənd kliniki sınaqların ikinci mərhələsindədir. Bununla yanaşı, daha dörd peyvənd preklinik sınaqlar mədhələsindədir”, - deyə o, bu barədə sualı cavablandırarkən bildirib.
Qərbi-Sakit okean regionunda peyvəndin gələcək istehsalı barədə danışan S.Eskalante bir sıra ölkənin, o cümlədən Avstraliya, Çin, Sinqapur və Yaponiyanın dünyanın bu hissəsində yerləşən, lakin kifayət qədər istehsal gücünə malik olmayan dövlətlərə yardım etmək niyyətini açıqladıqlarını da bildirib.
Xatırladaq ki, Yaponiyanın “AnGes Inc.” farmasevtik şirkəti tərəfindən hazırlanan peyvəndin kliniki sınaqlarına iyunun sonlarında başlanılıb. “AnGes Inc.” şirkəti nuklein turşularına əsaslanan DNT peyvəndi hazırlayıb. Siçovullar üzərində aparılan sınaqların uğurla nəticələndiyi və mayın sonlarından başlayaraq gəmiricilərin anticisim hazırladığı bildirilir.
ÜST-nin məlumatına görə, hazırda bütün dünya üzrə 26 ölkədə peyvəndin kliniki sınaqları keçirilir.