Ermənistanın təcavüzkar siyasəti növbəti dəfə ifşa edildi
Yerevanın əsl niyyəti öz işğalçı siyasətini gizlətmək, digər ölkələrə qarşı yalan və saxta ittihamlar irəli sürməkdir
Azərbaycan və Türkiyə qardaşlıq münasibətlərindən irəli gələrək bölgədə və dünyada gedən proseslərə münasibətdə həmişə eyni mövqe sərgiləyib, ortaq maraqlardan çıxış ediblər.
Dünya siyasi düzəninin indiki şəraitində isə hər iki ölkənin bölgədə və dünyada gedən proseslərə vahid prizmadan yanaşmaları, xüsusən ərazi bütövlüyü kimi həssas məsələlərdə bir-birilərinin maraqlarını müdafiə etmələri daha mühüm əhəmiyyət kəsb edir. Təqdirəlayiq haldır ki, Azərbaycan və Türkiyənin siyasi rəhbərliyi indiki şəraitdə daha prinsipial mövqe nümayiş etdirir.
Belə vəziyyətdə hər iki ölkə onların milli maraqlarına xələl gətirəcək istənilən hala qarşı vahid mövqe sərgiləməklə də birliklərinin sarsılmaz olduğunu bütün dünyaya əyani nümayiş etdirirlər. Azərbaycanla Türkiyə Ermənistanın işğalçı siyasətinin ifşa edilməsi, ermənilərin yalanlarının qarşısının alınması və bu məqsədlə ermənilərin planlaşdırdıqları tədbirlərə diqqəti heçə endirmək üçün hücum diplomatiyasını uğurla və əzmlə həyata keçirirlər.
Bu günlərdə Ermənistan Xarici İşlər Nazirliyi Şərqi Aralıq dənizi ilə bağlı açıqlama verərək Türkiyəyə qarşı ittihamlarla çıxış edib. Ermənistanın bölgədə sülh və təhlükəsizliyə ciddi təhdid törədən təcavüzkar siyasətinin nəticələrini aradan qaldırmaq əvəzinə, bu kimi cəfəng açıqlamalarla çıxış etməsi bir daha rəsmi Yerevanın əsl niyyətinin öz işğalçı siyasətini gizlətmək və digər ölkələrə qarşı yalan və saxta ittihamlar irəli sürmək olduğunu nümayiş etdirir.
Türkiyə Xarici İşlər nazirinin sözçüsü Hami Aksoy deyib ki, Ermənistanın Sevr sazişi haqqında yersiz mövqe bildirməsindən sonra Şərqi Aralıq dənizi ilə bağlı rəy verməyə çalışmasını bu ölkənin növbəti dəfə həddini aşması və məsuliyyətsizliyi hesab edirik. Burada məsələ Sevan gölü (Göyçə gölü) deyil, Şərqi Aralıq dənizidir. Türkiyə rəsmisi qeyd edib ki, necə ki, Fransanın, Birləşmiş Ərəb Əmirliklərinin Şərqi Aralıq dənizi ilə heç bir əlaqəsi yoxdur. Bu addım Türkiyəyə qarşı qurulmağa çalışılan növbəti məkrli ittifaqa Ermənistanın da daxil olması təəssüratına əsas verir.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib ki, Türkiyəyə qarşı ərazi iddialarını dövlət gerbində əks etdirən, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini 30 ilə yaxındır ki, hərbi işğal altında saxlayan Ermənistanın bu açıqlaması həm gülüncdür, həm də riyakarlığın son həddi və özünə aid olmayan məsələlərə müdaxilə cəhdidir. Ermənistanın Şərqi Aralıq dənizindəki vəziyyətdən qətiyyən xəbəri yoxdur və onun bəyanatının yeganə səbəbi mövzunun Türkiyəyə aid olmasıdır.
H.Hacıyev bildirib ki, Ermənistan rəhbərliyi başa düşməlidir ki, diplomatiya ciddi bir sahədir və burada boğazdan yuxarı, məsuliyyətsiz bəyanatlara yer yoxdur. Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən çox düzgün qeyd olunmuşdur ki, Ermənistan Sevan adlandırdığı, amma əsl tarixi adı Göyçə olan gölü Aralıq dənizi ilə qarışıq salmamalıdır.
Xatırladaq ki, bir müddət əvvəl Ermənistanda tanınmış ictimai xadim olan Georgi Vanyan rəsmi Yerevanı öz xalqını girov saxlamaqda ittiham etmişdi. Onun fikrincə, Ermənistan hakimiyyətinin hazırkı siyasəti Azərbaycanla sülhə nail olmağa imkan vermir və ona görə bu siyasəti kökündən dəyişmək lazımdır. Digər erməni ziyalısı, kinorejissor Tiqran Xzmalyan da bildirmişdi ki, Ermənistanın üzləşdiyi bütün problemlərin kökündə mövcud hakimiyyətin yanlış siyasəti dayanır: "Sovet İttifaqından miras qalmış pis nə varsa, Ermənistanda qorunub saxlanıb. Biz sosial bərabərlik və sosial müdafiə baxımından müsbət nailiyyətlərdən asanlıqla imtina etmişik, amma bunun əksinə, xüsusi xidmət orqanlarının özbaşınalığından və digər qüsurlardan xilas olmamışıq”. Xzmalyanın sözlərinə görə, Ermənistan üçün ən böyük təhlükə Türkiyə və ya Azərbaycan deyil, ölkədə iqtidarı qəsb etmiş hakim rejimdir.
Görünən odur ki, indi daha ayıq başla düşünməyə başlayan bəzi erməni ziyalılarından fərqli olaraq, Paşinyan iqtidarı sələfləri kimi hələ də reallıqla barışmaq niyyətində deyil. Əksinə, mövcud Ermənistan hakimiyyəti destruktiv mövqe nümayiş etdirərək ölkəni daha böyük problemlər burulğanına sürükləyir, işğalçılıq niyyətini açıq bəyan etməklə region ölkələri ilə münasibətlərini daha da pisləşdirir, qeyri-konstruktiv mövqelərindən geri çəkilmək niyyətlərində olmadığını yenidən nümayiş etdirir.
Hikmət Hacıyev qeyd edib ki, Ermənistan rəsmilərinin bu günlərdə Sevr müqaviləsi ilə bağlı verdikləri bəyanatlar bir daha göstərir ki, bu ölkə keçmişin girovu olmaqdan qurtulmaq, əsassız nifrəti kənara qoymaq və qonşuları ilə sülh şəraitində yaşamağı öyrənmək iqtidarında deyil. Qardaş Türkiyə beynəlxalq hüququn norma və prinsiplərini və öz milli maraqlarını rəhbər tutaraq Şərqi Aralıq dənizində fəaliyyətini həyata keçirir. Bildirib ki, "Oruc Rəis” seysmik gəmisinin də təyinat məntəqəsinə yan alması qanunauyğun xarakter daşıyır. Biz Türkiyənin mövqeyini birmənalı dəstəkləyirik. Türkiyə beynəlxalq hüquqa uyğun olaraq bölgədə öz haqqını, maraqlarını və mənfəətini qoruyur.
Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan və Türkiyə daim bir-birinin yanındadır. Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın və bağlı olan ölkələr yoxdur. Bu gün Azərbaycanla Türkiyəni təkcə ortaq mənəvi və milli dəyərlər birləşdirmir. Bizi həm də siyasi mahiyyət daşıyan ortaq iqtisadi layihələr, qarşıya qoyulan eyni hədəflər və müştərək siyasi maraqlar birləşdirir. Bütün bunlar onu göstərir ki, sarsılmaz olan Azərbaycan-Türkiyə müttəfiqliyinin və birliyinin böyük gələcəyi var.
Elçin Cəfərov
"Azərbaycan”