Kiyevdə ABŞ və Türkiyə səfirliklərinin binalarına bomba qoyulması barədə yalan məlumat verən Ermənistan vətəndaşını altı illik həbs gözləyir
Kiyevdə ABŞ və Türkiyə səfirliklərinin binalarına bomba yerləşdirilməsi barədə yalan məlumat verən 46 yaşlı Ermənistan vətəndaşının 6 il müddətinə azadlıqdan məhrum ediləcəyi gözlənilir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Kiyev Şəhər Prokurorluğu məlumat yayıb.
Məlumata görə, Ermənistan vətəndaşı avqustun 1-də “qaynar xətt”ə zəng edərək ABŞ və Türkiyə səfirliklərinin minalanması barədə yalan məlumat verib. Yoxlamalar zamanı səfirliklərdə hər hansı minalanma faktı aşkarlanmayıb. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində yalan məlumat verən şəxs aşkarlanaraq saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb və onun barəsində həbs qətimkan tədbiri seçilib.