Paşinyan Ermənistanın çöküşünü sürətləndirir
Pandemiyanın ikinci dalğası başlayacağı təqdirdə işğalçı ölkənin məhvi qaçılmaz sayılır
Pandemiya səbəbindən dünya iqtisadiyyatında yaranan çətinliklər fonunda qlobal maliyyə böhranının daha da ağırlaşa biləcəyi indi xüsusi diqqət mərkəzində yer alan əsas məsələlərdəndir. Artıq dünyanın əksər dövlətləri pandemiyanın ikinci dalğası nəticəsində yarana biləcək böhrana qarşı preventiv tədbirlər görülməsi istiqamətində müəyyən hazırlıqlara da başlayıblar.
Lakin pandemiyanın ikinci dalğasının yenidən başlanması halında iqtisadiyyatın tamamilə çökməsi labüd olacaq ölkələr də mövcuddur ki, onların sırasında Ermənistan xüsusi ilə seçilir.
Bu ölkənin özündə də açıq etiraf edilir ki, ABŞ və Avropa iqtisadiyyatında yaranan çətinliklər yeni dünya böhranına rəvac verərsə, Ermənistan daha böyük sosial-iqtisadi problemlərlə üzləşməli olacaq. Bunu şərtləndirən bir neçə önəmli səbəb var. Əvvəla, koronavirus nəticəsində yaranan maliyyə böhranı Ermənistanın onsuz də bərbad olan iqtisadiyyatına böyük zərbə vurub. Elə bunun nəticəsidir ki, böhranın özünün zirvə nöqtəsinə çatdığı cari ilin aprel ayından bəri Ermənistanda böyük tənəzzül yaşanır.
Ümumiyyətlə, Paşinyanın hakimiyyətə gəlməsindən 2 il müddət keçməsinə baxmayaraq, ötən dövr ərzində rəqabətədavamlı hər hansı istehsal sahəsinin yaradılmaması, kiçik və orta sahibkarlığın məhvinin astanasına çatması, infrastrukturun yoxluğu da vəziyyəti ağırlaşdıran əsas səbəblər sırasında yer alır.
Bununla yanaşı, Ermənistanın xarici investisiyalar üzünə həsrət qalan dövlətlərdən biri olması, iqtisadiyyatının bir neçə məmur oliqarxın əlində cəmləşməsi, inhisarçılığın, korrupsiya və rüşvətxorluğun dərin kök salması da sözügedən ölkəni problemlər məngənəsində boğan əsas faktorlardandır.
Diqqət çəkən daha bir məqam Ermənistanın xaricdən asılı olmasıdır. Hesab edilir ki, yeni maliyyə böhranı kontekstində xarici asılılıq amili, ilk növbədə, sadə əhaliyə mənfi istiqamətdə çox ciddi təsir göstərəcək. Əsas səbəb Ermənistanda qalan azsaylı əhalinin böyük əksəriyyətinin xaricdən göndərilən pullar sayəsində yaşayışlarını sürdürməsidir. Lakin son təhlillər göstərir ki, artıq Ermənistana xaricdən göndərilən pulların həcmində yenidən azalma qeydə alınır. Müxtəlif xarici ölkələrdə çalışan ermənilər əvvəlki kimi Ermənistanda qalan yaxınlarına pul göndərməkdə çətinlik çəkirlər. Ermənistan mediası yazır ki, yaranmış vəziyyətdə əhalinin gündəlik tələbat mallarına olan ehtiyacını minimal səviyyədə belə ödəməsi ciddi çətinliyə çevrilir.
Dövlətin maliyyə imkanlarının yoxluğu, artan xarici borclar da Ermənistana müsbət heç nə vəd etmir. Əksinə, beynəlxalq təşkilatlar, müxtəlif xarici dövlətlər Ermənistana yeni borclar verilməsinə indi böyük ehtiyatla yanaşır. Çünki Ermənistan əvvəl aldığı xarici borcların qaytarılmasında böyük çətinliklər yaşayır, eyni zamanda, bu ölkənin həmin borclar əvəzinə verə biləcəyi digər hər hansı bir resursu da yoxdur.
İndi Ermənistanda belə hesab olunur ki, mövcud problemlərin meydana gəlməsi və dərinləşməsində baş nazir Nikol Paşinyan iqtidarının yarıtmaz siyasəti əsas rol oynayır. Məhz bu siyasət son iki ildə Ermənistanı siyasi və iqtisadi müstəvidə keçilməz dalana dirəyib. O da vurğulanır ki, hakimiyyətdə təmsil olunan məmurların koronavirus fonunda yaratdıqları korrupsiya və rüşvət piramidası iqtisadiyyatın inkişafını əngəlləyən əsas faktorlardan biri olaraq qalmaqdadır.
"4rd.am” saytı yazır ki, ilin əvvəlindən, xüsusilə də mart ayından bəri ölkə paytaxtında xeyli sayda müəssisə, şirkət və səhmdar cəmiyyət, habelə biznes və ticarət obyektləri, kiçik və orta sahibkarlar fəaliyyətlərini dayandırıblar: "İlin ilk yarısında isə təkcə paytaxt Yerevanda iş yerini itirmiş insanların sayı 200 mini ötüb. İnfrastruktur layihələri isə bütünlüklə diaspor tərəfindən maliyyələşdirilən bəzi təmir-rekonstruksiya və inşaat proqramları, habelə mənzil-kommunal təsərrüfatı ilə bağlı kiçik layihələrdir”.
Ermənistanın özündə o da dərk edilir ki, ölkənin problemlər məngənəsində boğulmasının əsas səbəblərindən biri də Dağlıq Qarabağ münaqişəsinin mövcudluğudur. Məhz bu münaqişə və Ermənistanın təcavüzkar siyasəti ölkənin sürətlə geriləməsinə səbəb olub. Digər tərəfdən, Ermənistanın qeyri-konstruktiv mövqeyi üzündən münaqişənin indiyə qədər öz həllini tapmaması regional sülhə də böyük təhlükə yaradır. Təcavüzkar siyasətindən əl çəkməməsi Ermənistanı beynəlxalq miqyasda ciddi tənqid hədəfinə çevirir.
Bütün bunlar bir daha onu göstərir ki, sosial-iqtisadi sferada böyük problemlər yaşayan Ermənistan regional sülh və inkişafa öz işğalçılıq siyasəti ilə böyük təhlükə yaradır. Bu səbəbdən Ermənistanın işğal siyasətinə son qoyulması üçün bu ölkəyə beynəlxalq birlik tərəfindən daha sərt formada təzyiqlər göstərilməsi vacib sayılır.
Bu arada onu da qeyd edək ki, Ermənistan hakimiyyəti ölkədə Rusiya telekanallarının yayımını dayandırmağa start verib. Belə ki, erməni saytları yaxın günlərdə Rusiyanın Ermənistanda geniş izləyicisi olan əsas aparıcı kanallarını seyr edə bilməyəcəkləri barədə məlumatlar yerləşdiriblər. Maraqlıdır ki, Nikol Paşinyan rejimi bu qərarı ictimai multipleksdə yalnız erməni telekanallarının olması ilə əlaqələndirir. Qeyd edək ki, Ermənistanın ingilisdilli telekanalların, məsələn, ölkədə sıfır auditoriyası belə olmayan CNN-in yayımlanmasını çoxları Nikol Paşinyan rejiminin Avropaya yaltaqlanmaq məqsədi daşıdığını vurğulayır.
Elçin Cəfərov
"Azərbaycan” qəzeti