Ermənistanda sosial fəlakət böyüyür

İşğalçı ölkədə əmək qabiliyyətli əhalinin böyük əksəriyyəti xaricə üz tutur

A- A A+

Ermənistan regionda koronavirusla bağlı ən dramatik vəziyyətin hökm sürdüyü ölkədir. Əslində, dünya miqyasında da Ermənistan ən pis durumda olanlar sırasındadır. Rəsmi rəqəmlərə əsasən, ölkədə virusa yoluxanların sayı 42 mini keçib. Bugünədək Ermənistanda 800-dən yuxarı insan pandemiyanın qurbanı olub.

Pandemiya fonunda sosial-iqtisadi çətinliklər məngənəsində boğulan Ermənistanda demoqrafiya problemi də artaraq daha gərgin mərhələsinə qədəm qoymaqdadır. Görülən bütün tədbirlərə baxmayaraq, ölkədə əhalinin sayı sürətlə azalmaqda davam edir, imkan düşdükcə xaricə köçənlər artır. Əhalinin artım səviyyəsinin get-gedə aşağı düşməsi isə erməni sosioloqlarının hakimiyyətə ünvanlanmış xəbərdarlıqlarının çoxalmasına səbəb olub.

Ancaq real vəziyyət Ermənistanın faktiki olaraq demoqrafik böhran yaşadığını, bu problemin həlli perspektivinin olmadığını göstərir.

Erməni mətbuatının verdiyi məlumata görə, aparılan araşdırmalar göstərir ki, miqrasiya templəri artan xətt üzrə davam etsə, 2025-ci ilədək respublikada əhalinin sayı 1,5 milyon nəfər azalacaq. 2050-ci ildə isə ölkəni tərk edənlərin sayı 2 milyon nəfərə çatacaq. Qeyd olunur ki, respublika əhalisinin sürətlə qocaldığı 100 ölkə arasında yer alır. Hazırda Ermənistanda əmək qabiliyyətli əhalinin 40-50 faizi xaricə köçmək istəyir.

Ermənistanda bu sahədə araşdırma aparan yerli və beynəlxalq təşkilatlar da hesab edirlər ki, proseslərin real gedişi sözügedən ölkədə insan resursunun sürətlə tükəndiyini meydana çıxarır. Əhalinin artım səviyyəsi aşağı olduğundan yaşlıların xüsusi çəkisinin davamlı surətdə artması da Ermənistanı böyük sürətlə demoqrafik böhrana yuvarlayır. Bu məsələyə diqqət yetirən "4rd.am” saytı yazır ki, hər il Ermənistanı daha yaxşı həyat axtarışında olan təqribən 80 min erməni tərk edir: "Ermənistanın kənd rayonlarında yoxsulluq və işsizlik insanları doğma yerləri tərk etməyə məcbur edir. Burada əksər hallarda kişilər evlərini tərk edirlər, bütöv kəndlər qadınların öhdəsinə qalır. Bunun səbəbi odur ki, kişilərin ailələrini saxlamaq üçün yeganə pul qazanmaq yolu Rusiyaya getməkdir”.

Xaricə köç edən ermənilərin çox vaxt Ermənistanla əlaqələrini tamam kəsmələri, bu ölkədə baş verənlərə biganə yanaşmaları da qeyd edilənlər fonunda tamamilə təbii sayılmalıdır. Elə müxtəlif dövlətlərdə yaranan və fəaliyyət göstərən erməni diaspor təşkilatlarının və lobbisinin Ermənistana münasibətlərindən də bunu aydın görmək mümkündür.

Danılmaz həqiqətdir ki, bu gün Ermənistanın üzləşdiyi çoxsaylı böyük problemlərin meydana gəlməsində və getdikcə daha da dərinləşməsində günahkarlardan biri məhz erməni diasporudur. Ermənistanın istər daxili, istərsə də xarici siyasət vektorlarının müəyyən olunmasında həlledici təsir gücünə malik diaspor təşkilatlarının mövcud fəaliyyəti adıçəkilən ölkəni getdikcə daha böyük problemlərə düçar edir.

Lakin fəaliyyət göstərdiyi xarici ölkə ərazisində özünə rahat şərait yaradan, maddi çətinliklərlə üzləşməyən erməni diasporunu Ermənistanın üzləşdiyi problemlər qətiyyən maraqlandırmır. Əksinə, diaspor Ermənistan hakimiyyətinin onun diktəsi ilə hərəkət etməsi üçün daim rəsmi Yerevanı böyük təzyiq altında saxlayır, tez-tez bu ölkəyə göndərdiyi maliyyə və digər yardımları kəsəcəyi ilə hədələyir.

Genişmiqyaslı sosial-iqtisadi problemlər məngənəsində boğulan Paşinyan hakimiyyəti isə hər zaman diaspor qurumlarından gələn göstəriş və tapşırıqları can-başla yerinə yetirməyə müntəzir dayanır. Elə bunun nəticəsidir ki, Ermənistanın taleyini həll edən qərarlar bu ölkədə yox, onun sərhədlərindən kənarda qəbul olunur. Bu vəziyyət Ermənistanın onsuz da formal xarakter daşıyan dövlətçiliyinin məhvini daha da sürətləndirməkdə, onun iflasını tezləşdirməkdədir.

Elçin Cəfərov

"Azərbaycan” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: